Paşinyanın 9 May mesajı: 'Müharibə olmayacaq'

Baş nazir Nikol Paşinyan sərhəddəki hərbi hissəyə baş çəkir.

"Bütün daxili və xarici təxribatlara baxmayaraq, Azərbaycan və Ermənistan respublikaları arasında müharibə olmayacaq, sülh olacaq", - Ermənistan baş naziri Nikol Paşinyan 9 May - İkinci Dünya müharibəsində qələbə münasibətilə təbrik mesajında bildirib.

Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında saziş layihəsinin razılaşdırıldığını və imzalanmağı gözlədiyini vurğulayan Paşinyan bildirib ki, "Biz o yolla gedəcəyik".

"Bizim regionumuz əmin-amanlıq, firavan yaşamaq haqqını qazanıb və belə də olmalıdır", - Ermənistan hökumət başçısı vurğulayıb.

Rəsmi Bakı və Yerevan martın 13-də bəyan ediblər ki, sülh sazişi üzərində iş başa çatıb.

"Əsl Ermənistanın ideologiyası tarixi Ermənistanın bizə ünvanladığı mesajları oxumağın nəticəsidir ki, o bizə deyir: mənim yolumla getməyin, ancaq xəyallarımızda olan Ermənistan Respublikasında azadlıq, xoşbəxtlik, firavanlıq qurmağa və o xoşbəxt dövləti nəsildən-nəslə ötürməyə diqqət yetirin. Bu gün bizim o imkanımız var və biz bu imkanı reallaşdırmağa borcluyuq", - Paşinyan bildirib.

Ararat Mirzoyan

Mirzoyan sülh sazişi ilə bağlı irəliləyişə ümid edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, yaxın vaxtlarda Bakı və Yerevan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər. O, bu barədə mayın 9-da AzadlıqRadiosunun Ermənistan xidmətinin müvafiq sualına cavab olaraq bildirib.

Mirzoyanın sözlərinə görə, Ermənistan artıq yekunlaşdırılmış sülh müqaviləsini imzalamağa hazırdır: "Necə ki, biz bu istiqamətdə məsləhətləşmələri mümkün qədər tez başlamağa hazır idik, biz hazır olmağa davam edirik. Amma təəssüflər olsun ki, Azərbaycan tərəfinin müxtəlif bəyanatlarını eşidirik. Hələlik heç bir irəliləyiş yoxdur, amma müzakirələr var. İstənilən danışıqlarda olduğu kimi, səbirli olaq və, bəlkə də, tezliklə sülh sazişinin imzalanması ilə bağlı xoş xəbərlər olacaq".

Ermənistan-Azərbaycan sülh müqaviləsinin layihəsi iki aya yaxındır ki, razılaşdırılıb, lakin rəsmi Bakı onu imzalamaq üçün Ermənistan Konstitusiyanın dəyişdirilməsini və ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edir.

Yerevanın hazırda Bakı ilə bu şərtlər ətrafında danışıqlar aparıb-aparmaması ilə bağlı suala nazir Mirzoyan cavab verməyib.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.