"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Sara Rəhimova sərbəst buraxılıb. Bu barədə onun yaxınları aprelin 30-da məlumat yayıblar.
Hələlik, məsələ ilə bağlı S.Rəhimovanın özü ilə danışmaq mümkün olmayıb.
29 aprel
'İşçi Masası' fəalının yeri bilinmir
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası idarə heyətinin üzvü Sara Rəhimovanın saxlanıldığı güman edilir.
Yaxınları və təşkilatın üzvlərinin bildirməsinə görə, aprelin 29-dan onunla əlaqə saxlamaq mümkün deyil.
S.Rəhimova yaxınlarına zorakılıqla saxlanıldığını və polis bölməsinə aparıldığını bildirib.
"Onun Bakı metrosunun "Gənclik" stansiyası ərazisində saxlanıldığı ehtimal edilir. Hansı bölməyə aparıldığı və saxlanılma səbəbi bilinmir. Hazırda onunla əlaqə qurmaq mümkün deyil", - yaxınları qeyd ediblər.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü hazırda həbsdədir. Onlar müxtəlif ittihamla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.