İranın Şəhid-Rəcai limanında aprelin 26-da baş vermiş partlayışda ölənlərin sayı 70-ə çatıb, mindən çox adam xəsarət alıb.
Daxili işlər naziri İsgəndər Momeni aprelin 28-də İran dövlət televiziyasına deyib ki, hadisəyə "təhlükəsizlik tədbirlərinə əməl edilməməsi və səhlənkarlıq" səbəb olub.
Limanın yerləşdiyi Hörmüzqan əyalətinin cənubunda böhranların idarə edilməsi ofisinin direktoru Mehrdad Həsənzadə dövlət televiziyasına bildirib ki, yaralıların əksəriyyəti artıq xəstəxanadan buraxılıb.
Aprelin 27-də, partlayışdan bir gün sonra, İranın fövqəladə halların idarə edilməsi üzrə xidmətinin sözçüsü Hüseyn Zəfəri bildirib ki, limandakı konteynerlərdə kimyəvi maddələrin düzgün saxlanılmaması partlayışa səbəb olub.
Açıq mənbə məlumatları göstərir ki, İran fevral və mart aylarında Çindən raket yanacağında istifadə edilən kimyəvi maddələri sözügedən limanda qəbul edib. Ancaq İran Müdafiə Nazirliyinin sözçüsü partlayış yerində hərbi məqsədlər üçün istifadə edilən hər hansı yükün, o cümlədən raket yanacağının saxlanıldığını təkzib edib.
"The New York Times" İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, partlayan maddə raket yanacağının əsas komponenti olan natrium-perxloratdır.
İnsidentlə bağlı rəsmilərə qarşı tənqidlərin artması fonunda tanınmış iranlı kinorejissor Cəfər Pənahi "xalqın suverenliyini bərpa etmək" üçün beynəlxalq nəzarət altında referendum keçirməyə çağırıb. Pənahi Instaqram səhifəsində partlayışı "təxminən yarım əsrdir İranı məhvə aparan rejimin dağılmasının simvolu" kimi təsvir edib.
Şahid-Rəcai limanı strateji Hörmüz boğazının yaxınlığında yerləşir, ölkənin konteyner yüklərinin böyük hissəsi burada emal olunur.