İran Netanyahunu nüvə danışıqlarını pozmağa çalışmaqda ittiham edir

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə əl sıxır.

İranın baş diplomatı İsrailin baş naziri Benyamin Netanyahunu ABŞ-nin Tehrana qarşı siyasətini yönləndirməyə çalışmaqda günahlandırıb. İran xarici işlər nazirinin bu açıqlaması İsrail baş nazirinin Tehranın nüvə proqramının tamamilə ləğvinə yenidən çağırış etməsindən sonra gəlib.

Aprelin 26-da İran və ABŞ danışıqçıları Tehranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundunu yekunlaşdırıb. Dördüncü raundun isə mayın 3-də Avropa ölkələrinin birində keçiriləcəyi gözlənilir.

Danışıqlardan bir gün sonra İsrail hökumət başçısı Netanyahu deyib ki, İrana qarşı hər hansı bir razılaşma onun nüvə proqramının tamamilə ləğvini hədəfləməli və həmçinin Tehranının raket imkanlarını da nəzərdən keçirməlidir..

"Həqiqətən işləyən bir razılaşma İranın nüvə silahı üçün uranı zənginləşdirmək qabiliyyətini aradan qaldıran razılaşmadır", - Netanyahu bildirib və əlavə edib ki, yaxşı bir razılaşma həm də "ballistik raketlərin qarşısının alınmasını təmin etməlidir."

İranın xarici işlər naziri Abbas Əraqçi isə X sosial şəbəkəsindəki paylaşımında bildirib: "Necə utanmaz bir şəkildə Netanyahu indi də prezident Trampın İrana qarşı diplomatiyasında nə edib-etməyəcəyini diktə edir".

İranlı diplomat vurğulayıb ki, onun ölkəsi "öz xarici siyasətini sabotaj etməyə və ya ona istiqamət verməyə çalışan bədniyyətli xarici qüvvələrin istənilən cəhdini dəf edəcək qədər güclü və özünəinamlıdır."

"Biz yalnız ümid edə bilərik ki, amerikalı tərəfdaşlarımız da eyni dərəcədə qətiyyətli olarlar", –o əlavə edib.

Müxtəlif məlumatlara görə, Donald Tramp administrasiyası daha əvvəl Netanyahunu Tehranın nüvə obyektlərinə zərbə endirməkdən çəkindirib. Lakin ABŞ prezidenti özü bildirib ki, əgər razılaşma əldə edilməsə, İranla müharibəyə "öncülük edəcək" şəxs məhz o, özü olacaq.

İranın ali dini rəhbərinin baş müşaviri və keçmiş milli təhlükəsizlik müşaviri Əli Şəmxani aprelin 28-də xəbərdarlıq edərək bildirib ki, İsrail İranın nüvə obyektlərinə hücum edərsə, "ağlasığmaz" nəticələrlə üzləşəcək.

"Sual budur: Bu təhdidlər İsrailin təkbaşına atdığı addımlardır, yoxsa Tramp ilə koordinasiyalı şəkildə İranla danışıqları irəlilətmək məqsədi daşıyır?", - o, X sosial şəbəkəsindəki paylaşımında bildirib.