Pakistan Hindistanın 5 təyyarəsinin vurulduğunu deyir, Hindistan təkzib edir

Kəşmirdə vurulan təyyarənin qalıqları

Pakistan ordusu bildirir ki, Hindistanın zərbələri nəticəsində 26 mülki şəxs həlak olub, 46 nəfər yaralanıb.

"Reuters" Hindistan polisinə istinadən xəbər verir ki, Pakistan silahlı qüvvələrinin Hindistanın nəzarətində olan Kəşmir bölgəsini atəşə tutması nəticəsində 10 mülki şəxs həlak olub, 48 nəfər yaralanıb.

Pakistan Silahlı Qüvvələrinin sözçüsü isə "Reuters"ə bunları deyib: "Üç "Rafale", bir SU-30, bir MiQ-29 daxil olmaqla, beş Hindistan təyyarəsinin vurulduğunu təsdiq edə bilərəm. Bir pilotsuz uçuş aparatı da vurulub".

Hindistan tərəfi, öz növbəsində, bu məlumatı təkzib edib. Bu ölkənin Kəşmirindəki dörd yerli hökumət rəsmisi "Reuters"ə bildirib ki, üç döyüş təyyarəsi Hindistanın Cammu və Kəşmir ərazisində qəzaya uğrayıb.

Hindistan Pakistana zərbələr endirdi. Pakistan cavab verdi

Hindistan hakimiyyəti Pakistanda, eləcə də Kəşmirin Pakistan hissəsində "terror" infrastrukturuna qarşı hərbi əməliyyatlara başladığını açıqlayıb. Məlumata görə, "Sindur" əməliyyatı çərçivəsində Pakistanın doqquz obyektinə hücum edilib.

"Hindistan Silahlı Qüvvələri terrorçuların düşərgələrinə dəqiq zərbələr endirib", - rəsmi Dehlinin açıqlamasında vurğulanır.

Pakistan Müdafiə Nazirliyi Hindistanın ölkə ərazisindəki hədəflərə raket zərbəsi endirdiyini təsdiqləyib. Kotli, Müzəffərabad və Bəhavalpur əraziləri hücuma məruz qalıb.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif vurulan bütün hədəflərin mülki obyektlər olduğunu iddia edir.

Çox keçmədən Pakistan "intiqam" almağa başlayıb, Hindistana cavab zərbələri endirib. Hindistan Pakistanın Kəşmirdəki bölücü xətt boyunca artilleriyadan atəş açdığını bildirir.

Hindistan və Pakistan arasında münasibətlər aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində turistlərə silahlı hücumdan sonra kəskin pisləşib. Hücuma görə məsuliyyəti az tanınan separatçı qruplaşma – "The Resistance Front" öz üzərinə götürüb. Hindistan rəsmilərinin terror aktı kimi qiymətləndirdiyi hücumda 26 nəfər həlak olub. Hücum edən üç nəfərdən ikisinin Pakistan vətəndaşı olduğu bildirilir.

Cammu və Kəşmir

Cammu və Kəşmir

Cammu və Kəşmir Hindustan yarımadasının şimal-qərbində 1947-ci ildən Hindistan və Pakistan arasında mübahisə predmeti olan bir bölgədir. Hindistan və Pakistan üç dəfə-1947-1948, 1965 və 1971-ci illərdə Cammu və Kəşmir uğrunda müharibə aparıb. 2003-cü ildən ölkələr arasında qeyri-sabit atəşkəs rejimi qüvvədədir, lakin regionun statusu həll olunmayıb.

Cammu və Kəşmirin Hindistan hissəsində separatizm əhval-ruhiyyəsi güclüdür. 1980-ci illərin sonlarından bölgənin öz müqəddəratını özünün təyin etməsini və ya Pakistana birləşdirilməsini müdafiə edən üsyançı və terrorçu qruplaşmalar fəaliyyət göstərir. Yeni Dehli mütəmadi olaraq İslamabadı onlara maddi və maliyyə dəstəyi verməkdə ittiham edir. Əvvəlcə Hindistan (1974), sonra isə Pakistan (1998) nüvə silahı əldə etdikdən sonra Kəşmir münaqişəsinə diqqət artıb.