Pezeşkiandan sonra Netanyahu gələcək. 'İran üzərindən sanksiyalar götürülərsə, 'Zəngəzur dəhlizi' əhəmiyyətini itirər'

Benyamin Netanyahu

Bu həftə ənənəvi olaraq jurnalistlərə qarşı məhkəmə proseslərindən, daha sonra isə İran prezidentinin Azərbaycana gözlənən səfərindən danışacağıq.

"Ədalətə ölümüm bahasına olsa da, nail olacam"

"Fiziki cəhətdən məhv olsam da, bu ədalətsizliyə qarşı həyatım bahasına mübarizə aparacam. Fiziki məhvim dəyanətimi artırır. Aclığı dayandırmamaqda israrlıyam. Ədalətə ölümüm bahasına olsa da, nail olacam". Bunu aprelin 1-dən artıq 25 gündür həbsdə aclıq aksiyası keçirən müxalifətçi Tofiq Yaqublu deyir. Ailə üzvləri, vəkilləri, həkimi onun səhhətinin getdikcə pisləşdiyini söyləyirlər. T.Yaqublunun apellyasiya məhkəməsi mayın 6-na təyin edilib. O, dələduzluq və saxta sənəd hazırlama ittihamları ilə 9 illik həbsinə etiraz edir, həbsini birbaşa prezident İlham Əliyevin sifariş etdiyini deyir.

Məhkəmə xronikası

Bu həftə AbzasMedia işi üzrə məhkəmə prosesi davam etdi. Prosesdə hazırda şahidlər dindirilir. AzadlıqRadiosunun jurnalist Fərid Mehralızadə də bu iş üzrə təqsirləndirilir, amma özü məhz radioda dərc olunan yazılarına görə cəzalandırıldığını deyir.

Digər məhkəmə prosesi isə ToplumTV-yə qarşı keçirilib. Bu internet televiziyasının təsisçisi Ələsgər Məmmədli məhkəmədə deyib ki, onun evindən tapıldığı iddia edilən pulu axtarışı aparanlar özləri gətirmişdilər. Onun sözlərinə görə, evə liftlə qalxanda biri digərinə "əmanət"i avtomobildə unutduğunu söyləyib. Düşüb götürəndən sonra yenidən gəliblər.

Əvəz Zeynallı

"Xural TV" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının səhhətinə görə cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə müraciətinə baxılıb. Nizami rayon Məhkəməsinin qərarına əsasən, Ə.Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək. Proses qeyri-müəyyən vaxta təxirə salınıb. Məhkəmə prosesindən sonra xanımı Məlahət Zeynallı deyib ki, Ə.Zeynallını hələ martda, Novruz bayramından öncə Onkologiya Mərkəzinə aparıb "biopsi" götürüblər, nəticəni bayramdan sonra bildiriblər: "Bu gün artıq gecdir. Biz zamanla döyüşürük".

"Diktatura əlamətidir"

"Reallıq budur ki, Azərbaycanda demokratiyaya aid heç nə yoxdur. Əgər bir nəfər hər şeyə qərar verirsə, məsələn, kim həbs olunmalıdır, kim işgəncə görməlidir, kim ölkəni tərk etməlidir, kim seçkilərdə 90 faiz, 93 faiz səs qazanmalıdır – bütün bunlara əvvəlcədən o qərar verirsə, bu, diktatura əlamətidir". Bunu AzadlıqRadiosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Almaniyadan olan deputat Frank Şvabe deyib.

Pezeşkianın səfərindən nə gözləməli

Aprelin 28-də İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri gözlənilir. Rəsmi elan olunan gündəlikdə iqtisadi-ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiya və digər məsələlər var. Pezeşkian hökumətin iclasında Azərbaycanla İranı "bir bədənin üzvləri" adlandırıb, sərhədin iki tərəfindən yaşayan xalqların böyük qarşılıqlı maraqları olduğunu, bu maraqların min illərin dərin dostluğuna əsaslandığını söyləyib.

Bu səfər Bakı ilə Tehran arasındakı son illərin gərginliyini aradan qaldıra biləcəkmi? ABŞ-İran nüvə danışıqları, İsrailin İrana hücum planı hazırlaması xəbərləri fonunda tərəflərin bu səfərdən gözləntiləri nədir?

Nəsimi Məmmədli

Siyasi təhlilçi Nəsimi Məmmədli müzakirələrin yalnız rəsmi elan olunan gündəliklə yekunlaşmayacağını deyir. Onun fikrincə, Azərbaycanın öz ərazisindən üçüncü dövlətin İrana qarşı istifadə etməyəcəyini təkrar bəyan etməsi də İranı bir qədər rahatladacaq.

N.Məmmədli İrandakı radikal mühafizəkar qrupun sekulyar Azərbaycanı özünün ideoloji əsaslarına təhlükə saydığını, milyonlarla türkün Azərbaycana rəğbətini narahatlıqla izlədiyini deyir. O, mühafizəkarların bütün mümkün vasitələrlə Azərbaycanla gərginliyi saxlamağa çalışdığını vurğulayır. Prezident Pezeşkianın da daxil olduğu islahatçılar qrupu isə Azərbaycanla dostluq və qonşuluq münasibətlərinə üstünlük verirlər: "Amma hazırda İran ətrafında baş verən geosiyasi proseslər rəsmi Tehranın fəaliyyətini öz sərhədləri çərçivəsində məhdudlaşdırır, sərhədlərdən kənarda təsir imkanlarını azaldır. İndi situativ olaraq mühafizəkarlar belə Bakı ilə Tehran arasında gərginlikdə çox maraqlı olmaya bilərlər".

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Pezeşkianın səfərinin formal xarakter daşıyacağını, ikitərəfli münasibətlərə yeni nəfəs gətirməyəcəyini düşünür və bunu ortadakı prinsipial ziddiyyətlərlə izah edir: Azərbaycanın İsraillə əməkdaşlığını ya Tehrana təzyiq, yaxud ABŞ-dəki lobbiçilərin dəstəyini almaq məqsədilə qabartması; Azərbaycanın "Zəngəzur dəhlizi" dediyi, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan marşruta Tehranın qarşı çıxması və, nəhayət, İranın Azərbaycan dövlətini bir təhdid olaraq görməsi.

"Netanyahunun Bakıya səfəri də təhrikçilik rolunu oynaya bilər".

Bakı-Tehran-Təl-Əviv üçbucağı

Artıq İsrailin baş naziri Benyamin Netanyahunun da mayın birinci yarısında Azərbaycana səfər edəcəyi xəbəri yayılıb. Onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi, tərəflərin rəsmi Bakının vasitəçiliyi ilə Türkiyə və İsrail arasında Suriyaya dair danışıqları müzakirə edəcəkləri bildirilir.

Ə.Oruclu İsrail baş nazirinin Bakıya məhz Pezeşkiandan sonra gözlənən səfərini təsadüfi saymır: "Son vaxtlar Bakı-Tehran-Təl-Əviv üçbucağında kifayət qədər aktivlik mövcuddur. Bu artıq liderlər səviyyəsində birbaşa kontaktlara keçirsə, bu o deməkdir ki, hazırda Azərbaycan-İran münasibətlərində başlıca faktor məhz Azərbaycan-İsrail əlaqələridir. Azərbaycan hakimiyyəti İsrailə yetərincə dərindən bağlanıb və bu yöndə dəyişiklik gözlənilmir".

Ərəstun Oruclu

Hazırda Vaşinqtonla Tehran arasında sonuncunun nüvə proqramıyla bağlı danışıqlar gedir. ABŞ İranı nüvə silahı hazırlamaqda suçlayır, İran isə bu proqramın dinc məqsədli olduğunu deyir.

Ə.Oruclu deyir ki, Donald Tramp administrasiyası İranla hansısa sövdələşməyə getməyə meyllidir. Çevik diplomatiyaya malik İran da bunu bilir. Təhlilçinin fikrincə, ABŞ-nin regionda qüvvələrini artırması da təzyiq məqsədi güdür, çünki Vaşinqton Tehranla açıq qarşıdurmaya meylli deyil. İsrail isə bunu istəyir və Netanyahunun Bakıya səfəri də təhrikçilik rolunu oynaya bilər: "ABŞ ilə İran arasında növbəti nüvə sazişi imzalanarsa, bu zaman Azərbaycan üçün vacib "Zəngəzur dəhlizi", hətta "Orta dəhliz" belə əhəmiyyətini xeyli dərəcədə itirə bilər. İran üzərindən sanksiyalara götürülərsə, Çin-Mərkəzi Asiya-İran yolu, dəniz üzərindən davam etməklə Avropaya çıxış üçün ən əlverişli yoldur, nəinki Xəzər üzərindən Azərbaycan-Gürcüstan- Türkiyə yolu. Bu mənada potensial ABŞ-İran anlaşması təkcə İsrailin yox, heç Azərbaycanın da marağına cavab vermir".

Amma təhlilçi proseslərə təsir edə biləcək gücdə olmayan Bakının Təl-Əvivin təhriki ilə Tehrana qarşı hansısa qıcıqlandırıcı addımlar atacağını da inandırıcı saymır.