Tofiq Yaqublu aclığın 39-cu günündə, həftəyə 5 həbs, Əliyev parada getmədi

Tofiq Yaqublu etiraz aksiyasında

Bu həftəyə bir ümidlə başladıq, artıq 39 gündür aclıq edən siyasətçi Tofiq Yaqublunun həbsdən buraxılacağı ümidi ilə. Amma Bakı Apellyasiya Məhkəməsi onu ev dustaqlığına buraxmadı. Ailəsi, vəkilləri siyasətçinin durumunun ağır olduğunu deyirlər, bunu mayın 6-da onun məhkəməsinə gedənlər də öz gözləri ilə gördülər. T.Yaqublunun işi üzrə məhkəmə iclası mayın 20-nə təyin edilib, ancaq ailəsi bu qərarı onun ölümünə verilmiş fərman kimi qiymətləndirib. "İlham Əliyev Tofiq Yaqublunu öldürmək qərarı verib. Zamin İbrahimov o qərarı, sadəcə, burada elan edəndir. Mayın 20-nə məhkəmə təyin olundu, amma o vaxta Tofiq Yaqublu həyatda olmayacaq. Hamı bu gün zalda onun durumunu gördü", - qızı Nigar Yaqublu belə deyib.

Mayın 8-də bir qrup ziyalının prezident İlham Əliyevə müraciəti yayıldı, dövlət başçısından T.Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməsi xahiş olunur.

Mayın 6-da T.Yaqublu Penitensiar Xidmətin əməkdaşlarının köməyi ilə məhkəməyə gətirilən gün ABŞ səfirliyinin sosial şəbəkədə bir paylaşımı da diqqət çəkdi. Səfirlik Azərbaycanın ABŞ-də keçmiş səfiri, Birinci xanım Mehriban Əliyevanın əmisi Hafiz Paşayevi "Bir səfirin manifesti" adlı xatirə kitabının nəşri münasibəti ilə post paylaşdı. Bu postun altında da N.Həzi, digər siyasi fəallar T.Yaqubluya, siyasi motivlərlə həbs edildiyi bildirilən digər məhbuslara azadlıq şüarları yazdılar.

Həbs dalğası yenilənir

T.Yaqublunun, həbsdə olan azı 20 jurnalistin, digər ictimai-siyasi fəalların 28 May- Respublika Günü münasibəti ilə gözlənən əfv, yaxud amnistiya ilə azadlığa çıxacağına ümidlər bəslənir. Əfv gözləntilərini son aylar həmin komissiyanın iclaslarının intensivləşməsi artırıb. Jurnalistlərin, siyasilərin azadlığa çıxıb-çıxmayacağı bu ayın sonunadək bilinəcək. İndiliksə həbslər davam edir. Bu həftə daha bir jurnalist- Ülviyyə Əli "MeydanTV işi" çərçivəsində saxlanıb. Həbsindən öncə hazırladığı bəyanatda o, MeydanTV ilə heç bir işgüzar bağlılığı olmadığını, olsaydı belə, bunu cinayət saymadığını yazıb.

Jurnalistlərin həbsindən söz düşmüşkən, bu həftə prezidentin köməkçisi Hikmət Hacıyev Medianın İnkişafı Agentliyində ölkədəki bəzi media qurumlarının rəhbərləri ilə görüşüb. Bu tədbirdə həbsdə olan jurnalistlərdən danışan olubmu, yerli saytların yaydığı xəbərlərdə bu haqda bir söz deyilmir. Amma Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) 3 May - Mətbuat Azadlığı Günü ərəfəsində yaydığı indeksdə Azərbaycan yenə gerilədi, 180 ölkə arasında 167-ci yerdə qərarlaşdı.

Bu həftə ictimai fəal Əhməd Məmmədlinin, müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin mühafizəsindən Kənan İsmayılın, digər mühafizəçisinin qardaşının və AXCP-nin daha bir üzvünün də saxlanması xəbərləri gəldi.

Ə.Kərimlinin mühafizə xidmətindən artıq dördüncü fəal həbs olunur.

Benyamin Netanyahu və Rəcəb Tayyib Ərdoğan

Bakının vasitəçiliyi

Mayın 7-də İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya gözlənən beşgünlük səfəri təxirə salındı. Rəsmi məlumatda bu təxirəsalma "sıx siyasi və təhlükəsizlik qrafiki" ilə izah olunsa da, İsrail mediası digər səbəb kimi Türkiyənin Netanyahuya öz hava məkanından keçməyə icazə verməməsini göstərdi.

Amma elə bu həftə Bakıda İsrail-Türkiyə danışıqlarının daha bir raundunun keçiriləcəyi xəbəri yayıldı. Daha öncəki danışıqlar aprelin 9-da baş tutmuşdu. Bu ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfər edəcəyi, Netanyahunun səfərinin də başqa tarixdə gerçəkləşəcəyi bildirilir.

ABŞ Konqresində 'Azərbaycanda Demokratiya Aktı' hazırlanır

Aprelin sonunda yayılan xəbərə görə, ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında "Azərbaycanda Demokratiya Aktı" adlı qanun layihəsi hazırlanır. Layihə Azərbaycanda pisləşməkdə olan insan haqlarının durumunu əhatələyəcək. Konqresin Nümayəndələr Palatası isə artıq Gürcüstanla bağlı "MEGOBARI Act" qanun layihəsini qəbul edib. Sənəddə demokratiyadan geri çəkilmə üçün məsuliyyət daşıyan hakimiyyət təmsilçilərinə sanksiyalar nəzərdə tutulur.

Əliyev 10 il sonra da Qələbə paradına gedəsi olmadı

Prezident İlham Əliyev Moskvada 9 May Qələbə Paradına getmədi. AzadlıqRadiosuna bu xəbər yayılmamışdan öncə danışan təhlilçilər Qırmızı Meydanda Rusiya prezidenti Vladimir Putin ilə yanaşı durmağın aqressora dəstək mesajı verdiyini deyirdilər. Azərbaycan parlamentinin üzvü Azər Badamov Rusiyaya buraxılmayandan sonra isə AzadlıqRadiosunun efirində belə bir fikir səsləndi ki, rəsmi Bakı parada qatılmamaq üçün zəmin yaratmaq istəyir və belə bir insident yaşanır.

Bəzi təhlilçilər isə Rusiya-Azərbaycan münasibətlərində yaşananları Bakı-Vaşinqton əlaqələri ilə bağlayırlar.

"Sovet orqanları AzadlıqRadiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi"

Missiyası azad mətbuatın boğulduğu ölkələrdə dəqiq, senzurasız xəbər yaymaq olan Azad Avropa/Azadlıq Radioları (RFERL) hazırda ABŞ hökumətindən öz maliyyəsini almaq üçün məhkəmələrə üz tutub, radio Konqresin bu il üçün təsdiqlədiyi vəsaiti əldə etməyə çalışır.

Vaxtilə RFE/RL və "Amerikanın Səsi" (VOA) radiostansiyalarında işləmiş amerikalı təhlilçi Pol Qobl ABŞ beynəlxalq yayımının kəsilməsini "böyük səhv" sayır. O deyir ki, belə yayım nəinki həddən artıq ucuz başa gəlir, həm də effekti çox böyükdür: "Getdikcə daha çox rejim öz xalqlarının gerçəyi öyrənmək hüquqlarını tapdaladığı bir vaxtda biz daha çox iş görməliyik".

Cəmil Həsənli

AzadlıqRadiosunun Azərbaycanda rolu ilə bağlı professor Cəmil Həsənli iki il əvvəl nəşr olunmuş "Zamanın sınağında" adlı xatirələrində yazır ki, "1968-ci ilin Praqa hadisələri Sovetlər üçün qorxulu yuxuya çevrilmişdi. Onlar bu antisovet dalğanın Sovet milli ucqarlarına sıçrayacağından ehtiyat edirdilər. Baltik və Qafqaz respublikalarının sərhədlərində qoyulmuş səsboğucu stansiyalar Qərbin ideoloji "təxribat"ının qarşısını ala bilmədi. AzadlıqRadiosunun azad səsi bu stansiyaların nəfəsliyindən Sovet cəmiyyətinə sızırdı".

"20 Yanvar hadisələrindən sonra Bakı ətrafında yaranmış informasiya blokadasını AzadlıqRadiosu yardı. Məhz bu faciəli anlarda AzadlıqRadiosu, həmin radioda Mirzə Xəzərin səsi Mixail Qorbaçovun yalanlarını ifşa etdi... AzadlıqRadiosunun 20 Yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı... Hadisələr ətrafında beynəlxalq ictimai rəyi səfərbər etdiyinə görə Sovet orqanları AzadlıqRadiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi", - kitabda oxuyuruq.