Gürcüstanda xarici qrant almaq çətinləşir

Gürcüstan parlamenti qarşısında etiraz aksiyası

Gürcüstan parlamenti "Vətəndaşların siyasi birlikləri haqqında" Qanuna dəyişiklikləri sonuncu - üçüncü oxunuşda qəbul edib.

Bu düzəlişlərə əsasən, siyasi partiyalar mühazirə və seminarlar şəklində xarici ianələr qəbul edə bilməyəcək, beynəlxalq donorlardan isə qeyri-hökumət təşkilatlarına (QHT) qrantların ayrılmasını Gürcüstan hökuməti ilə razılaşdırmaq tələb olunacaq.

Hakim "Gürcü arzusu" partiyasının fraksiya rəhbərinin müavini İrakli Kirtsxaliyanın sözlərinə görə, "hökumətin razılığı olmadan QHT qrantının qəbulu məsuliyyət yaradacaq, qrantın alınmasına nəzarəti müstəqil Antikorrupsiya Bürosu həyata keçirəcək".

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze "Vətəndaşların siyasi birlikləri haqqında" Qanuna dəyişiklikləri şərh edərkən bildirib ki, "QHT və siyasi partiyaların müxtəlif xarici fondlar tərəfindən maliyyələşdirilməsi praktikasına son qoyulacaq".

Gürcüstan müxalifəti bu qanunu repressiv, ölkədə demokratik azadlıqları kobud şəkildə pozan və Gürcüstan Konstitusiyasında elan edilmiş avrointeqrasiya kursuna uyğun olmayan addım kimi qiymətləndirir.

Tbilisi və Gürcüstanın digər şəhərlərində artıq bir neçə aydır müxalifətin etiraz aksiyaları davam edir.