Çexiya belaruslu jurnalist və QRU zabitini sanksiya siyahısına salıb

Natalya Sudlenkova

Çexiya Belarus vətəndaşı Natalya Sudlenkova və Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti Aleksey Şavrovu sanksiya siyahısına salıb. Bu haqda Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidməti (BIS) bildirib.

N.Sudlenkova 1999-cu ildə Çexiyada sığınacaq alıb, belaruslu jurnalistdir. O, vaxtilə Belarusda Aleksandr Lukaşenko rejiminə qarşı müxalifətin tanınmış simalarından olub.

Çexiya xüsusi xidmətinin məlumatına görə, Sudlenkova bu ölkədə qaldığı müddətdə Rusiya strukturları — "Rosatom" korporasiyası, Həmvətənlərin hüquqlarına dəstək və Müdafiə Fondu ilə əməkdaşlıq edib, "Ölməz alay" ictimai təşkilatı ilə əlaqələri olub. Sudlenkova xidmətlərinə görə mükafatlandırılıb, A.Şavrov da ona mükafat verib.

Xüsusi xidmətin direktoru Mixal Kudelka BIS əməliyyatını "uzunmüddətli, uğurlu və mürəkkəb" adlandırıb.

Çexiyanın xarici işlər naziri Yan Lipavski Sudlenkovanın QRU-nun əsas əməkdaşı olduğunu bildirib. Moskvanın tapşırıqları əsasında o, Çexiya mediasında məqalələr dərc etdirib, sanksiyalar altında olan rusiyalı işadamı Əlişir Usmanovun xeyrinə fəaliyyət göstərib.

Sudlenkova Çexiyanı 30 gün ərzində tərk etməlidir. Çex mediasının məlumatına görə, Şavrov Rusiyadadır.

Çexiya Respublikasında Sudlenkova rusdilli həftəlik "Praqa teleqrafı"nın baş redaktoru vəzifəsində çalışıb. O, vaxtilə Azad Avropa Radiosu/Azadlıq Radioları, "Tyden" və "Lidove noviny" nəşrləri ilə də əməkdaşlıq edib.

Sudlenkova Belarus Xalq Cəbhəsinin fəaliyyətində iştirakına görə üzləşdiyi təqiblərdən dolayı siyasi sığınacaq alıb. Belarus hakimiyyəti onu maliyyə cinayətlərində günahlandırıb və 2002-ci ildə Sudlenkova İnterpolun orderi əsasında Almaniya ilə sərhəddə saxlanıb. Lakin Çexiya Məhkəməsi Minskin ekstradisiya tələbini rədd edib, Sudlenkovaya ittihamları əsassız sayıb.

2011-ci ildə Çexiya televiziyasına müsahibəsində Sudlenkova deyirdi: "Cənab Lukaşenko və komandasındakı insanlarla müəyyən problemlərim olub. Biz eyni ölkədə qala bilməzdik".