'Son həbslər cəmiyyətdə qorxunu daha da gücləndirib'

Sizin brauzer HTML5-i dəstəkləmir

Siyasi laqeydlik, yoxsa qorxu? – 'Həbslər cəmiyyətdə qorxunu daha da gücləndirib'

"Görmürəm, eşitmirəm, dinmirəm". Azərbaycanda azsaylı tənqidçi səslərə dəstəyin sosial şəbəkələrdən kənara çıxmaması siyasi qorxu mühitinin göstəricisidir, yoxsa cəmiyyətin siyasi proseslərə laqeydliyinin? AzadlıqRadiosu bu dəfə bu suala cavab axtarıb.

Son 18 ayda 30-a yaxın jurnalist, hüquq müdafiəçisi və siyasətçinin müxtəlif ittihamlarla həbsi təkcə onların özlərini deyil, ailələrini və yaxınlarını da təsirsiz qoymadı – bir çoxunun bank kartları bloklandı, ölkədən çıxışına qadağa qoyuldu.

Həbs olunanlar zorakılıqla saxlanıldıqlarını bildirirlər – bəzilərinin başına torba keçirilib, kimisi gecəyarısı evinə basqınla, digərləri isə azyaşlı övladlarının gözü qarşısında aparılıb.

Bir çox hallarda təcridxanadan da zorakılıq əks-sədası gəlir - fərqli ittihamlarla həbsə gedən fəallar işgəncə gördüklərini, zorlama ilə hədələndiklərini bildirirlər.

Güc strukturları pis rəftar iddialarını, bir qayda olaraq, təkzib edir.

Amma tənqidçilər deyirlər ki, bütün bunların sayəsində cəmiyyətə yönəlik gözdağı artıq bəhrəsini verir, həbslər sadəcə statistikaya çevrilir və dar çevrənin etirazı ilə məhdudlaşır. Məsələn, siyasətçi Tofiq Yaqublu dələduzluq və saxta sənəd hazırlama ittihamları ilə ona kəsilmiş 9 illik həbs cəzasını qanunsuz sayaraq 40 gün aclıq etdi. Yaqublunun əvvəlki həbslərində küçə etirazları, petisiyalar və məhkəmə önündə toplaşmalar müşahidə olunurdusa, bu dəfə dəstək yalnız sosial şəbəkələrlə məhdudlaşdı.

Hakimiyyətin tənqidçiləri bunu cəmiyyətdə açıq dəstəyin getdikcə riskli görünməsi ilə izah edirlər.

Cavid Əsədov

Repressiyalar, ümidsizlik, informasiyanın qapadılması...

Siyasi elmlər üzrə doktorant Cavid Əsədova görə, əslində, T.Yaqublunun indiki aclıq aksiyasının hələ də diqqətdə qalması cəmiyyətdə aclığa qarşı mərhəmət hissi ilə bağlıdır: "Azərbaycanda insanların susmağa üstünlük verməsi və bu susqunluğun artması bir çox səbəblərlə bağlıdır. Bunlardan birincisi və ən vacibi, məncə, uzunmüddətli həbslər və repressiyalardır. Yəni, insanlar görürlər ki, ən kiçik tənqid belə həbs, işdən çıxarılma və ya qohumlara təzyiqlə nəticələnə bilər. İkincisi, ümidsizlikdir. Yəni, "etirazın nəticəsi yoxdur" düşüncəsi formalaşmağa başlayır azərbaycanlılarda. Üçüncüsü isə informasiyanın qapanmasıdır. Demək olar ki, Azərbaycanda müstəqil fəaliyyət göstərən, yerli ofisi olan media orqanı qalmayıb. Məsələn, hansısa vətəndaş çıxıb etiraz aksiyası keçirərsə belə, onu çəkib ictimailəşdirəcək jurnalistlərin sayı çox azdır. Onların əksəriyyəti ya həbs olunub, ya da ölkədən gedib. Nəticədə qorxu elə dərəcədə yayılıb ki, insanlar nəinki danışmağa, hətta bəzən müzakirə etməyə belə çəkinirlər. Bu artıq, məncə, fərdi yox, ictimai bir qorxudur. Səssizliyin sistematik bir formasıdır".

Hakimiyyət təmsilçiləri isə ölkədə söz, ifadə azadlıqlarının qorunduğunu, siyasi plüralizmin təmin olunduğunu söyləyirlər. Onlar beynəlxalq insan haqları qurumlarını Azərbaycana qarşı birtərəfli mövqedə suçlayırlar. Bu təşkilatların reytinqlərində Azərbaycan əksər azadlıqlar üzrə aşağı yerləri tutur. Məsələn, "Amnesty International" beynəlxalq insan haqları qurumu aprelin 29-da Azərbaycanda dinc etirazların qarşısının alındığını, işgəncə və pis rəftarın geniş yayıldığını bildirib.

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva isə bu məlumatların qərəzli olduğunu deyib. Hakimiyyət adətən insan haqlarının durumu ilə bağlı beynəlxalq qurumlara cavabında onları ədalətsiz davranmaqda, vaxtilə torpaqlarından didərgin salınmış azərbaycanlıların hüquqlarına göz yummaqda suçlayır. Ombudsman da bu adətə sadiq qalıb, üstəlik qeyd edib ki, saxlanılan şəxslərin hüquqlarının təmini, onların saxlanılma şəraiti, sağlamlıq vəziyyəti daim diqqət mərkəzindədir.

Elçin Məmməd

"Hər gün kiminsə həbs olunduğunu eşidirik"

Yerli hüquq müdafiəçilərinə görə, cəmiyyətdə qorxu və sükut həm də artan hüquq pozuntuları ilə də müşahidə olunur. Hüquq müdafiəçisi Elçin Məmməd vətəndaşların məhkəmələrdən çox ölkənin siyasi rəhbərliyinə üz tutduğunu deyir: "Bu, insanların ən kiçik fundamental hüquq və azadlıqlarının təminatına şübhə yaradır. Yəni, artıq nə məhkəmədə, nə hüquq-müdafiə orqanlarında ədalət var, nə də dövlət qurumları müvafiq müraciətlərə lazımi qaydada baxırlar. Bir çox insanda ümidsizlik var, haqları bərpa olunsun deyə, intihara cəhd, özünə zərərvermə, aclıq kimi metodlara üstünlük verirlər. Hər xırda problemdə sadə vətəndaş prezidentə və yaxud da vitse-prezidentə yazıb dərdini bölüşməyi də ümid yeri olaraq görür. Bu da, təbii ki, çox böyük mənfi nəticələrə gətirib çıxaracaq və ölkədə insan haqları sahəsindəki durumu daha da xaosa sürükləyəcək".

Samirə Qasımlı

Təhlilçi, siyasi psixoloq Samirə Qasımlı deyir ki, Azərbaycan hazırda demokratiya, insan haqları və azadlıqlar uğrunda mübarizənin ən düşüş dövrünü yaşayır: "Hər gün kiminsə həbs olunduğunu eşidirik. Xüsusi sərt və qəddarlıqla baş verən bu həbslər onsuz da apatiyada olan, onsuz da qorxu mühitinin hakim kəsildiyi bir cəmiyyətdə qorxunu daha da gücləndirib. Xalq kənarda durub. Həm apatiya, həm qorxudan heç bir reaksiya vermir. Nə siyasi partiyalardan bir hərəkətlilik görürük, nə də siyasətin digər aktorlarından, subyektlərindən. Yəni, bu gün Azərbaycanda mübarizə aparan cameə sanki təklənib".

Etiraz aksiyaları gözə dəymir

Ölkədə müxalifətin son irimiqyaslı etiraz aksiyası 2019-cu ildə keçirilib, ondan sonra az sayda insan müxtəlif vaxtlarda küçələrdə etiraza çıxıb. Polis zorakılığına, yaxud seçkinin nəticələrinə narazılıq bildirmək üçün vətəndaş cəmiyyəti fəalları bir neçə il öncəyədək etirazlara çıxırdı. Sonuncu həbslərdən sonra isə bu etirazlar da gözə dəymir. Hətta ənənəvi xarakter almış 8 Mart aksiyaları da bu il siyasi repressiyalar əsas gətirilərək Bakıda keçirilmədi. Fəallar digər ölkələrdə aksiyalara qatılaraq Azərbaycandakı həbslərə diqqət çəkməyə çalışdılar.

Vətəndaşların gündəlik yaşamlarında üzləşdikləri pozuntularla bağlı etirazları isə geniş vüsət almadan yatırdılır – ya polisin qaz sıxması kimi vasitələrlə, ya da ortaq məxrəcə gələrək.

Arif Hacılı

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı azadlıqların məhdudlaşdırıldığı bir dövrdə insanların öz etirazlarını açıq bildirməsi üçün siyasi şəraitin olmadığını deyir. O, ölkədə məhkəmələrin hakimiyyətin tənqidçilərini həbs etmək mexanizminə çevrildiyni bildirir: "Yəni, bütün bunlar ölkədə irtica rejiminin əvvəlki dövrlərə nisbətən daha sərt, daha kəskin forma almasının nəticəsidir. Əslində, Tofiq Yaqubluya, bütün siyasi məhbuslara Azərbaycan cəmiyyətindən dəstək yetərincədir. Yəni, insanlar onların həbsindən narazıdırlar, onların azadlığa buraxılmasını tələb edirlər. Ancaq bu tələblərin açıq şəkildə, məsələn, kütləvi aksiyalar şəkilində, başqa formada büruzə verilməsi nəticə etibari ilə yeni həbslərə səbəb olur. Və bu da cəmiyyətdə ümumi qorxu, xof şəraitini yaradır. Təbii ki, azadlıqdan məhrum edilən insanların talelərinə görə məsuliyyət daşıyan siyasi qüvvələr də ölkədə yaranmış indiki ağır siyasi şəraiti nəzərə alaraq bir çox hallarda insanları daha kəskin, daha sərt mövqelərdən çəkinməyə çağırır".

Prezident Əliyev isə vətəndaşlarla görüşündə, eləcə də çıxışlarında vətəndaşların maraqlarının və şikayətlərini diqqətdə saxladığını deyir. Elə hakimiyyət təmsilçiləri də ölkədə siyasi qorxu mühitinin olmadığını deyir, çoxsaylı media orqanları, QHT-lər, parlamentdəki çoxpartiyalılığı əsas gətirirlər. Amma faktiki son illər müstəqil media orqanları sıxışdırılıb, parlamentdəki müxalifətlə bağlı isə ATƏT də son seçki hesabatında "sadiq müxalifət" ifadəsini işlədib.

Nəsimi Məmmədli

"Hakimiyyət özünü rahat hiss etmir"

Siyasi şərhçi Nəsimi Məmmədlinin sözlərinə görə, formal görüntü daşıyan bu institutların olmasına rəğmən, Azərbaycan hazırda vətəndaş iştirakçılığının ən zəif dövrünü yaşayır. İstər siyasi, istərsə də ictimai iştirakçılıq tamamilə məhdudlaşdırılıb: "Repressiyalar, müxtəlif formalı basqılar cəmiyyətdə, total olmasa da, bir qorxu mühiti formalaşdırıb. Cəmiyyət, bir qayda olaraq, hüquqpozmalara reaksiya verməkdən yayınır. Görünən budur ki, hakimiyyət özünü rahat hiss etmir. Kənardan güclü görünsə də, mahiyyət etibarilə siyasi dayanıqlılıq xeyli dərəcədə kövrəkdir. Ümumiyyətlə, avtoritar idarəetmə sistemləri vətəndaşı əzmək üçün inzibatı və polis gücünə sahib olsa da, ictimai-siyasi gücü zəif olur. Sərbəst toplaşma azadlığını təmin etməkdən çəkinir, azad, ədalətli, demokratik seçki keçirməkdən qorxur, vətəndaş iştirakçılığına, ümumiyyətlə, belə deyək, nifrət edir".

Bu arada hazırda başqa ölkələrə sığınmış ictimai-siyasi fəallar arasında Azərbaycana qayıtmağı təhlükəli sayanlar var. Baş prokurorluq və hökümətyönlü medialar da bu şəxslərin bəzilərinə barmaq silkələyib. Onları qanunsuz və anti-Azərbaycan fəaliyyətində günahlandırır, özləri isə bu basqını məhz tənqidi çıxışlarına bağlayırlar.

Aprelin 29-da ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında keçirilən dinləmələrdə də vurğulandı ki, Azərbaycanda repressiyalar ölkənin sərhədləri ilə məhdudlaşmır. Bəzən hakimiyyətin tənqidçiləri xaricdə də hücumlara məruz qalırlar.