Mayın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi (IPIS) arasında Anlaşma Memorandumu imzalanıb.
Bu, BMTM-də "Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri" mövzusundakı tədbir çərçivəsində gerçəkləşib.
AZƏRTAC-ın xəbərinə görə, memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.
Bugünlərdə iki il əvvəl qismən məhdudlaşdırılan "Bank Melli İran"ın Bakı filialı da fəaliyyətini tam bərpa edib.
1 may
'Bank Melli İran'ın Bakı filialı fəaliyyətini genişləndirir
"Bank Melli İran"ın Bakı filialı fəaliyyətini tam bərpa edib.
Bu barədə APA agentliyinə filialdan məlumat verilib.
Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Filial artıq kredit verilişi və depozitlərin qəbuluna da başlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin mayında filialda yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. AMB-nin sədri Taleh Kazimov bununla bağlı bildirmişdi ki, filialda nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib: "Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək".
Bundan əvvəl, aprelin 28-də Bakıda səfərdə olan İran prezidenti Məsud Pezeşkian Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüş, tərəflər əməkdaşlıqla bağlı bir çox sənədlər imzalamışdı. Prezidentlərin mətbuata bəyanatlarında vurğulanmışdı ki, tərəflər beynəlxalq təşkilatların nəzdində də birgə əməkdaşlığa üstünlük verirlər.
Xatırlatma
Halbuki, 2024-cü ilə qədər iki ölkə arasında münasibətləri gərginləşdirən bir çox olaylar yaşanmışdı. Xüsusilə, hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.
Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər.
Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.