Azərbaycan İranla birgə hərbi təlim keçirir. Zakir Həsənov İsraildədir

Azərbaycan və İranın təlim rəhbərləri və digər yüksəksəviyyəli üzvləri arasında görüş.

İranla birgə təlim keçirildiyi bir gündə, mayın 19-da Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəhbərliyi İsraildə səfərdə olub. Rəsmi məlumata görə, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb. “Görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb”, - məlumatda vurğulanıb.

Habelə bildirilir ki, səfər zamanı Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru Amir Baram hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirləri və perspektiv planları müzakirə ediblər.

Hərbi ekspertlər İsrailin Azərbaycanın silah aldığı ölkələr içirsində başlıca yerlərdən birini tutduğunu deyirlər. Zaman-zaman İsrail Azərbaycan əməkdaşlığı rəsmi Tehranin narazılıq dolu açıqlamaları ilə də müşahidə edilib.

+++

Azərbaycan işğaldan azad edilmiş ərazilərində İranla birgə hərbi təlim keçirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Nazirliyin açıqlamasına görə, bu gün, mayın 19-da açılışı olan "Araz-2025" birgə təlimi işğaldan azad olunmuş ərazilərdə mayın 21-dək davam edəcək.

Birgə təlimə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçıları artıq bir neçə gündür Azərbaycandadırlar.

Halbuki, 2024-cü ilə qədər iki ölkə arasında münasibətləri gərginləşdirən bir çox olaylar yaşanmışdı. Xüsusilə, hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Üstəlik, Azərbaycanda hakimiyyətə yaxın media qurumlarında İranda bəzi dairələr ölkənin işğal altında olan ərazilərində separatçı qurumları himayə etməkdə günahlandırılırdı. İran belə iddiaları təkzib edirdi.

2023-cü il yanvarın 27-də isə Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da olmuşdu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.

Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media qurumlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər.

Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib. İki ölkə arasında birgə təlimlərin keçirilməsinə başlanıb.

Ermənistanla Qarabağ münaqişəsi üzündən Azərbaycan bir neçə on il ərazilərinin 20 faizinə nəzarəti itirib. 2020-ci ildə 44 günlük savaş, 2023-cü ildə isə birgünlük hərbi əməliyyatlarla Azərbaycan işğala son qoyub, bütün ərazilərində suverenliyini bərpa edib.