Hindistanla son qarşıdurma zamanı Türkiyə və Azərbaycanın Pakistana dəstək verməsindən sonra hindistanlılar bu ölkələrdəki istirahət məkanlarına planlaşdırılmış tətillərini ləğv edirlər.
Bu barədə "Reuters" Hindistandakı turizm rezervasiya şirkətlərinə istinadən bildirib.
Hindistan Pakistandakı "terror düşərgələri"nə zərbələr endirdikdən sonra ötən həftə Hindistan və Pakistan arasında şiddətli döyüşlər başlayıb. Lakin tərəflər mayın 10-da atəşkəs barədə razılığa gəldiklərini elan ediblər.
Hindistanlılar üçün məşhur və münasib büdcəli istirahət məkanları olan Türkiyə və Azərbaycan Hindistanın hava zərbələrindən sonra İslamabada dəstək ifadə edən bəyanatlar veriblər.
"Son bir həftə ərzində Azərbaycana və Türkiyəyə sifarişlər 60 faiz azalıb, eyni dövrdə ləğvlərin sayı isə 250 faiz artıb", - "'MakeMyTrip" onlayn rezervasiya şirkətinin sözçüsü bildirib.
'EaseMyTrip' şirkətinin baş icraçı direktoru Rikant Pitti isə deyib ki, son geosiyasi gərginliklərə görə platforma üzərindən Türkiyə üzrə səyahət rezervasiyalarının ləğvi 22 faiz, Azərbaycan üzrə isə 30% artıb.
O əlavə edib ki, hindistanlı turistlər indi Gürcüstan, Serbiya, Yunanıstan, Tailand və Vyetnama üstünlük verirlər.
Digər bilet satış platforması olan "ixigo" daha əvvəl X sosial şəbəkəsindəki paylaşımında Türkiyə, Azərbaycan və Çin üçün uçuş və otel sifarişlərini dayandıracağını bildirib.
"EaseMyTrip"in təsisçisi və idarə heyətinin sədri Nişant Pitti X platformasında paylaşımında yazıb ki, ötən il 287 min hindistanlı Türkiyəyə, 243 min nəfər isə Azərbaycana səfər edib.
"Bu xalqlar Pakistanı açıq şəkildə dəstəkləyirsə, biz onların turizmini və iqtisadiyyatlarını gücləndirməliyikmi?", - Pitti sual edib.