Azərbaycan Avropa Məhkəməsinin qərarlarını tanımayacaq?

İlham Əliyev

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını tanımaya bilər. Bu barədə prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" adlı forumdakı çıxışında bəhs edib. O, bunla bağlı fikirləri Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasında (AŞPA) mandatının təsdiqlənməməsi haqda suala cavab verərkən səsləndirib: "Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu bizim mövqeyimizdir".

Onun deməsinə görə, bu mövqe elan edilib: "Avropa İnsan Hüquqları Məhkəməsinin heç bir qərarı bizə şamil edilə bilməz, çünki biz səsvermə hüququndan məhrum olmuşuq. Biz o hakimlərin seçilməsində səs verməmişik".

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Əsaslar kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi, jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi, habelə Qarabağda hərbi əməliyyatlar göstərilib.

Assambleyada səsvermədən əvvəl qurumda iştirakını "qeyri-müəyyən müddətə" dayandıran Azərbaycan nümayəndə heyətinin açıqlamasına görə, baş verənlər ölkələrinin ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsidir.

Azərbaycan hökuməti bu prosesdə iştirak edən AŞPA deputatlarının ölkəyə gəlişinə stop qoyulduğunu açıqlayıb. Bu il isə Azərbaycandan AŞPA-ya nümayəndə heyəti göndərilməyib.

AŞPA təmsilçiləri Azərbaycanın son addımlarını əməkdaşlığa ziyan sayaraq tənqid ediblər.

Azərbaycan AİHM-ə ən çox şikayətlər göndərən ölkələrdən sayılır. Şikayətlər, əsasən, mülkiyyət və siyasi hüquqların pozulması ilə bağlıdır.