ABŞ Dövlət Departamenti bildirib ki, ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink vəzifəsini tərk edəcək. Bu qərar Vaşinqton, Kiyev və Moskva arasında vacib sülh danışıqlarının getdiyi bir vaxtda postun boş qalmasına səbəb olacaq.
Keçmiş prezident Co Bayden tərəfindən təyin olunan Brink 2022-ci ilin mayından bəri Kiyevdə səfir vəzifəsini icra edirdi. O, bu müddət ərzində Rusiya tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə dövründə ABŞ-Ukrayna münasibətlərini tənzimləyirdi.
"Bricit Brink vəzifəsini tərk edir. O, artıq üç ildir ki, orada səfirdir — müharibə zonasında bu qədər uzun müddət böyük işdir", – Dövlət Departamentinin sözçüsü Temmi Brüs aprelin 10-da jurnalistlərə bildirib.
Onun yaxın həftələrdə vəzifəsini tərk edəcəyi gözlənilir.
Brinkin səlahiyyət müddəti Ukrayna ilə bağlı fərqli siyasət yürüdən iki prezident administrasiyasını əhatə edib.
Bayden administrasiyası dövründə Moskva ilə münasibətlər Soyuq müharibədən sonrakı ən aşağı səviyyəyə enib. Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük quru müharibəsi fonunda ABŞ Rusiya prezidenti Vladimir Putinlə əlaqələri dayandırıb.
Əksinə, Tramp administrasiyası Kreml ilə birbaşa əlaqəni bərpa edib. Son aylarda Tramp və Putin ən azı iki dəfə telefonla danışıb və hazırda Vaşinqton Ukrayna ilə Rusiya arasında sülh sazişinə vasitəçilik etməyə çalışır.
Brinkin istefa vermək qərarına heç bir səbəb göstərilməyib, lakin "Reuters" mənbələrə istinadən bildirib ki, bu qərar onun şəxsi iradəsi ilə verilib.
Amerikalı səfir Brink ötən həftə Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə endirdiyi və 20 nəfərin ölümünə səbəb olan ölümcül raket zərbəsinə reaksiyasına görə Ukrayna prezidenti Volodimir Zelenskinin tənqidi ilə üzləşib. 4 aprel hücumu ilə bağlı sosial media paylaşımında B. Brink Rusiyanın məsuliyyət daşıdığını qeyd etməyib. Zelenski bununla bağlı məyusluğunu ifadə edib. İki gün sonra Rusiyanın raket zərbəsi ilə bağlı başqa bir paylaşımında diplomat Rusiyanın adını çəkib.