ABŞ və İran arasında aparılan nüvə danışıqları Oman vasitəçiliyi ilə baş tutmuş iki raunddan sonra artıq texniki mərhələyə keçib.
Aprelin 26-da danışıqların üçüncü raundunun və əlavə texniki müzakirələrin Məsqətdə keçirilməsi planlaşdırılır.
Bu irəliləyiş, xüsusilə İranda, Tramp administrasiyasının Tehranın nüvə proqramının tamamilə ləğvinə dair əvvəlki tələbindən imtina edərək onun sadəcə məhdudlaşdırılması ilə kifayətləndiyi barədə fərziyyələri artırıb.
Lakin analitiklərin fikrincə, bu nəticələrə gəlmək hələ çox tezdir.
Texniki müzakirələrə keçid ABŞ-nin tələblərində yumşalma kimi görünə bilər, lakin analitiklər hesab edir ki, proqramın tamamilə ləğv olunması hələ də əsas məqsəd və ya ən azı təzyiq vasitəsi olaraq qalmaqdadır.
"Proqramın tam ləğv olunmasının real bir hədəf olduğunu heç vaxt düşünməmişəm", –2015-ci ildə İranla bağlanmış nüvə sazişi üzrə danışıqlarda ABŞ komandasında sanksiyalar üzrə aparıcı ekspert kimi çalışmış Riçard Nepyu bildirib.
Ekspert xatırladıb ki, texniki müzakirələr sonda Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə nəticələnən danışıqlar zamanı da aparılmışdı.
"United Against Nuclear Iran" qeyri-hökumət təşkilatının siyasət direktoru Ceyson Brodski mövcud gedişatı güzəşt deyil, strateji təzyiq kimi qiymətləndirib.
"Trampın İranla bağlı doktrinası formalaşır və bu doktrina İrana bir seçim təqdim edir: ya sən öz nüvə proqramını ləğv edirsən, ya da bunu sənin yerinə ABŞ və/və ya İsrail edəcək", – o bildirib.
İran vaxt uzadır?
Bəziləri iddia edir ki, İran danışıqları qəsdən uzadır və bununla da BMT sanksiyalarının yenidən tətbiqi üçün vaxt "öldürməyə" çalışır.
Böyük Britaniya, Fransa və Almaniya əgər Tehran iyunun sonunadək ABŞ ilə razılığa gələ bilməzsə, JCPOA-nın "snapback" mexanizmini —BMT sanksiyalarının bərpasını işə salmaqla hədələyiblər. Lakin bu mexanizmin müddəti oktyabrda başa çatır.
Prezident Məsud Pezeşkian və İran Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami
Hər iki analitik razılaşır ki, İran üçün bu prosesi uzatmaq həm təzyiqi azaltmaq, "snapback" sanksiyalarından yayınmaq, həm də sadəcə vaxt qazanmaq baxımından faydalıdır.
"Bu saatı qabaqlamaq üçün təzyiqin müəyyən həddi var, çünki "snapback" müddəti başa çatdıqdan sonra da onun qarşısında hələ də milli sanksiya kampaniyasını davam etdirən düşmən münasibətli bir ABŞ qalır", –Nepyu bildirib.
"Ona görə də İran yaxşı bir razılaşma əldə etmək istəyir, amma vaxtın boş yerə keçməsini və hərbi müdaxilənin gecikməsini də təsəlli mükafatı kimi qəbul edir",– o əlavə edib.
Brodski danışıqları Tehranın nüvə proqramını əlavə nəzarətdən və ya hərəkətlərdən qorumaq üçün istifadə etdiyi "qalxan" adlandırıb. "İran yalnız danışıqlar uğursuz olarsa, itirər", –o bildirib. "Ancaq ABŞ İran qədər bu danışıqlara ehtiyac duymur".
Yaxşı bir İran sazişi necə ola bilər?
Proqramın ləğvinin real tələb olub-olmaması ilə bağlı şübhələrə baxmayaraq, analitiklər bir məsələdə razılaşır ki, İranın nüvə fəaliyyətlərini məhdudlaşdıran saziş hələ də etibarlı ola bilər. Ancaq o, əsas qorunma tədbirlərini əhatə etməlidir.
"JCPOA burada bizə çoxlu məsləhətlər verir", –Nepyu bildirib. "Üç şeyə ehtiyacınız olacaq: məhdudiyyətin təsdiqlənməsi, İranın bunu sürətlə aşmasının qarşısını alacaq fiziki məhdudiyyətlər və əgər saxtakarlıq edərlərsə, cəza riski".
O qeyd edib ki, 2015-ci il razılaşmasında olduğu kimi, indi İranın inkişaf etmiş sentrifuqalarını yenidən ləğv etməsi ehtimalı azdır, amma "yenə də bir sazişin əldə olunması üçün yer var".
Brodski isə nüvə proqramının tam ləğvindən başqa digər hər hansı razılaşmanın Tehranın nüvə proqramından təzyiq vasitəsi kimi istifadə etməsinin qarşısını alacağına şübhə ilə yanaşır. O, hətta aşağı səviyyəli zənginləşdirməni — məsələn, JCPOA çərçivəsindəki limit 3.67 faiz idi— bir təhdid olaraq görür.
"JCPOA altında uranı 3.67 faiz zənginləşdirmə haqqı qəsbkarlığın bir hissəsi idi", –o, İranın nüvə silahı əldə etmə ilə bağlı təhdidlərindən bəhs edərək bildirib.
"Danışıqlar prosesinin davam etdirilməsi bəzi müşahidəçiləri ABŞ-nin İrana uranı zənginləşdirmək hüququnu verdiyinə inanmağa vadar edir", - Brodski bildirib. "İnanıram ki, Tramp administrasiyası hələ də məqbul razılaşmanın konturlarını müəyyənləşdirir".