Bu yaxınlarda Ukraynada Pasxa bayramınadək atəşkəs olacağı barədə söz-söhbət gəzirdi. Bu baş vermədi, amma diplomatik səylərdə artıq hiss olunacaq proqres görünməkdədir.
Parisdə aparıcı Avropa ölkələri, Ukrayna və ABŞ arasında yüksəksəviyyəli danışıqların yaratdığı səs-küy qeyri-adi pozitivliyə səbəb olub. Bunu AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq yazır.
Əvvəla, ilk dəfəydi belə bir formatda görüş keçirilirdi. İndiyədək ABŞ-nin Rusiyanı hansısa atəşkəsə razı salmağa yönəlik səyləri qeyri-müəyyən ifadələr, Moskvanın Ukraynanı daha çox bombalaması ilə nəticələnib.
ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff aprelin 11-də Rusiya prezidenti Vladimir Putinlə üçüncü görüşündən sonra razılaşmanın "peyda" olduğunu deyib, Ukraynanın Rusiyaya böyük ərazi güzəştləri etməli olmasına eyham vurub.
Ukrayna prezidenti Volodimir Zelenski isə Uitkoffu Rusiyanın narrativini yaymaqda suçlayıb.
Kameraları yığışdırın, zəhmət olmasa
Parisdən yayılmış 45 saniyəlik videoda Fransadan aparıcı müşavir Emmanuel Bonn Uitkoffdan xahiş edir ki, açıqlama versin. Bundan sonra təhlükəsizlik əməkdaşları çəkiliş heyətini uzaqlaşdırır.
Sanki onlar açıqlamanın kameralara düşməsini istəməyiblər.
"Tamamilə aydındır ki, Avropa liderlərinin əksəriyyəti, Fransa prezidenti Emmanuel Makron daxil olmaqla, Stiv Uitkoffun təkliflərinin hamısına qarşı çıxırlar", – fransalı siyasi təhlilçi Nikolya Tenzer AzadlıqRadiosuna deyib.
Tenzer Parisdə yerləşən Siyasi Qərarlar üzrə Araşdırmalar və Tədqiqat Mərkəzinin sədridir. O, görüşün özlüyündə proqres nişanəsi olduğunu söyləyib: "İndi anlayırlar ki, avropalılarsız hər hansı razılaşma əldə edə bilməzlər".
Xarici işlər nazirləri Parisdə görüşür.
Ukrayna ilə bağlı yeni razılaşmalar elan edilməyib. Amma tərəflər gələn həftə Londonda yeni formatda əlavə danışıqlar aparmağa razılaşıblar: Avropa, Ukrayna və Birləşmiş Ştatlar arasında. Bu, böyük inkişaf sayıla bilər.
Masadakı yer
Paris danışıqlarında ABŞ-nin elçisi Keyt Kelloq da iştirak edib. O, fevralda Münxendə deyirdi ki. Ukraynanın gələcəyi ilə bağlı danışıqlarda Avropanın masada yeri olmayacaq. Kelloqun özü o vaxtdan bəri əsas görüşlərdə olmayıb.
"İndi masaya E3 yığışıb və bunu Avropanın ambisiyası ilə edirik", – bir fransalı diplomat Britaniya, Fransa və Almaniyanı nəzərdə tutaraq söyləyib.
Vaşinqtonda yerləşən Avropanın Siyasətinin Təhlili Mərkəzinin (CEPA) prezidenti Alina Polyakovanın fikrincə, bu görüş Vaşinqtonun Avropadan dəstək istədiyini göstərir.
"Onlar dərk etdilər ki, Avropanın töhfəsi gərəkdir, çünki onlar bu işdə birbaşa maraqlıdırlar. Söhbət təkcə Ukrayna ərazisindən getmir. Avropanın təhlükəsizliyi ilə bağlı daha geniş məsələlər var, onları kənara ata bilməzsiz", – o söyləyib.
Parisdə liderlər bir araya gəldiyi bir vaxtda ABŞ prezidenti Donald Tramp Ağ evdə İtaliyanın baş naziri Corca Meloni ilə görüşüb.
Tramp deyib ki, yaxın günlərdə iki şey baş verə bilər: Ukraynanın nadir torpaq elementlərinə ABŞ-yə çıxış verəcək razılaşma əldə oluna və Rusiya Ukraynada mümkün atəşkəsə cavab verə bilər.
Hər iki məsələyə dair daha öncə ABŞ rəsmilərinin nikbin bəyanatları nəticəsiz qalıb.
R.Förlonq yazır ki, amma Avropa, Ukrayna və ABŞ-nin iştirakıyla yeni diplomatik cığır yeni salınır. İndi sual budur ki, Londonda gözlənən görüş yeni diplomatik prosesin başlanğıcına, yoxsa daha bir çıxmaza çevriləcək.