"SOCAR Türkiyə" İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib. Şirkət bu barədə ittihamları "əsassız" adlandırıb: "Qlobal neft bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neft ticarət şirkətləri tərəfindən və ya bu şirkətlər vasitəsilə satılır. Təchizatçı şirkətlərin xam nefti hansı ölkələrə göndərdiklərinə... nəzarət və ya müdaxilə etmək imkanı yoxdur".
Açıqlamada o da xatırladılıb ki, SOCAR 2024-cü ilə qədər ən böyük investisiyalarını məhz Türkiyədə gerçəkləşdirib. İnvestisiya yatırmağa başladığı 16 il ərzində bu rəqəm 18.3 milyard dollara çatıb.
SOCAR-ın İstanbul ofisi qarşısında aksiya
Azərbaycanın Türkiyə ərazisi ilə İsrailə neft nəql edən SOCAR şirkətinin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalıb.
"Cümhuriyet" qəzetinin yazdığına görə "Fələstin üçün min gənc" adlı qrup neft şirkəti ofisinin divarlarına qırmızı boya atıb.
Hadisə yerində çəkilən videolarda bir qrup şəxsin ofisin giriş qapılarını sındırmağa çalışdığı görünür. Daha sonra yayılan fotolarda binanın girişinin polis tərəfindən mühafizə olunduğu əks etdirilib.
Qəzetin yazdığına görə, fəallar "soyqırımıçı İsrailə neft verən SOCAR önündə intifada səsimizi ucaltmaqda davam edirik!", "Bu qanlı ticarətə imkan verməyəcəyik" kimi şüarlar səsləndiriblər.
"Cümhuriyet" qəzetinin xəbərində deyilir ki, fələstinyönlü qrup bu hadisəni özünün sosial media hesabında da qeyd edib: "Qatil İsrail Fələstində soyqırımı edərkən Türkiyə və Azərbaycan əl-ələ bu soyqırımına milyonlarla barel neft daşımaqdadır".
Videoda habelə boğazına ənənəvi Fələstin yaylıqlarını bağlamış bir qrup şəxsin şirkətin binasına daxil olmağa çalışdığı, lakin mühafizəçilər tərəfindən qarşılarının kəsildiyi görünür.