Bakının Xətai rayonu, Gəncə prospektindəki binalardan birində yaşayan 40 yaşlı Vüsalə Dadaşovanın 7-ci mərtəbədən düşüb həyatını itirməsindən 9 ay ötür. Bu olayın intihar olduğunu iddia edənlər də var, ehtiyatsızlıqdan yıxıldığını deyənlər də, qəsdən atıldığını düşünənlər də...
Faktla bağlı Xətai rayon Prokurorluğunda aylardır araşdırma getsə də, prosesin gedişi V.Dadaşovanın yaxınlarını qane etmir. Atası Zakir Nəbiyevin fikrincə, prokurorluq gerçəyin ortaya çıxmasından ötrü gərəkən addımları atmır, tam tərsinə, bir çox sübutları gözardı edir.
Z.Nəbiyev qızının nə yıxıldığına, nə də intihar etdiyinə inanır. Onun fikrincə, övladı qəsdən törədilmiş cinayətin qurbanı olub: "Bunun planlaşdırılmış, qəsdən törədilmiş cinayət olduğunu deməyə yetərincə əsaslarım var. Qızım hadisədən az müddət əvvəl qonşunun telefonu ilə anasına zəng edib, təhlükə altında olduğunu deyib. Sübutlarımı ortaya qoyuram, deyirəm ki, qızımın əri, Daxili İşlər Nazirliyinin əməkdaşı, polkovnik Sevindik Dadaşovdan şübhələnirəm. Niyə prokurorluq mənim sübutlarımla bağlı araşdırma aparmır, birmənalı şəkildə onu qorumağa üstünlük verir? Yoxlasınlar, bəlkə, elə düz deyirəm".
Z.Nəbiyev araşdırma zamanı hadisə yerinə gələrək eyvanda eksperiment keçirildiyini, həmin eyvandan ehtiyatsızlıqla yıxılmağın mümkünsüzlüyünə əmin olduqlarını deyir.
Mərhum qadın ərinin əməllərindən xəbərdarmış?
Onun sözlərinə görə, V.Dadaşova ərinin bir çox əməllərindən xəbərdarmış: "Qızımın azyaşlı övladının uydurma izahatıyla bu işi bağlamaq istəyirlər. Uşaqları da bu işlərə alət edirlər. Bir də taksi sürücüsü tapıblar, guya hadisəni görüb. Baş prokurorun, Bakı şəhər prokurorunun, Xətai rayon prokurorunun... hamısının qəbulunda olmuşam. Övladımın qanının batmasına imkan verilməsini istəmirəm".
S.Dadaşov ünvanına səslənən ittihamlara cavab verməyib. AzadlıqRadiosunun bilgisinə görə, onun özü də, azyaşlı övladı da prokurorluqdakı izahatlarında V.Dadaşovanın qəsdən eyvandan atılması haqda atasının dediklərini təkzib edib.
Z.Nəbiyevin ittihamlarıyla bağlı Baş Prokurorluğun açıqlamasında bildirilib ki, V.Dadaşovanın ölümüylə bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır: "Bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, habelə təqdim olunmuş hər bir dəlilin öyrənilərək düzgün hüquqi qiymətləndirilməsi təmin ediləcək".
Hadisə ötən il iyulun 24-də baş verib. V.Dadaşovanın 2007 və 2011-ci illərdə doğulmuş iki övladı var.