Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 11:36

Kiyevdə rəsmi matəmdir


Kiyevdə Rusiyanın hava hücumu zamanı zədələnmiş yaşayış binası
Kiyevdə Rusiyanın hava hücumu zamanı zədələnmiş yaşayış binası

Aprelin 24-də Rusiyanın Kiyevə endirdiyi raket və dron zərbələri nəticəsində həlak olan 12 nəfərin xatirəsinə aprelin 25-i paytaxtda matəm günü elan olunub.

Ukrayna Xarici İşlər Nazirliyi aprelin 24-də verdiyi açıqlamada bildirib ki, XİN və xaricdəki Ukrayna diplomatik nümayəndəlikləri matəmə qoşulacaq və bayraqları yarıya qədər endirəcəklər.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Kiyev sakinləri qurbanların yasını saxladığı bir vaxtda Ukraynanın kəşfiyyat orqanları istifadə olunan bu raketlərin Şimali Koreya istehsalı olub-olmadığını yoxlayır. Zelenski vurğulayıb ki, əgər ehtimal təsdiqlənərsə, bu, Moskva ilə Pxenyan arasında mövcud olan "cinayətkar" ittifaqın daha bir sübutu olacaq.

"Onlar birləşib insanları öldürür və insan həyatını ələ salırlar — onların (Rusiya və Şimali Koreya) əməkdaşlığının yeganə mənası budur", –Zelenski əlavə edib.

Prezident Zelenskinin sözlərinə görə, göstərdiyi yardımın əvəzində Pxenyan real döyüş şəraitində "öz silahlarını daha ölümcül etmək" fürsəti qazanır: "Bunu dayandırmaq üçün Rusiyaya qarşı real təzyiq göstərmək lazımdır. Beynəlxalq diplomatik səylərin bu müharibəni dayandırmağa yönəldiyi vaxtda belə, Rusiya mülki vətəndaşları öldürməyə davam edir. Bu isə o deməkdir ki, Putin heç nədən qorxmur".

Sergey Lavrov
Sergey Lavrov

Lavrov: "Yalnız hərbi hədəflər vurulur"

Rusiya xarici işlər naziri Sergey Lavrov isə ABŞ-nin CBS telekanalına verdiyi müsahibədə bildirib ki, Rusiya yalnız Ukraynanın hərbi hədəflərini və ya hərbi məqsədlər üçün istifadə olunan mülki obyektləri vurur. Hücumun qəsdən edilib-edilmədiyi ilə bağlı suala cavab verən Lavrov deyib ki, müdafiə naziri və sahədəki komandirlər Ukrayna ordusu tərəfindən istifadə olunan hədəflərə zərbə endirmək hüququna malikdirlər.

Qərbin Ukrayna müharibəsini dayandırmağa və ya, heç olmasa, müvəqqəti atəşkəs əldə etməyə yönəlmiş səyləri isə nəticəsiz qalıb. Rusiya hücumlarını yumşaltmaqla bağlı heç bir əlamət göstərmir, Ukrayna isə ABŞ-nin təkliflərinə qarşıdır.

İddialar görə, Kremlin sülh razılaşması ilə bağlı mövqeyi ondan ibarətdir ki, Rusiya 2022-ci ilin fevralında başladığı genişmiqyaslı işğaldan bəri ələ keçirdiyi ərazilərdə, həmçinin Krım, Luqansk, Donetsk, Zaporojye və Xerson bölgələrində nəzarəti saxlasın.

Ukrayna dövlət başçısı V.Zelenski dəfələrlə bildirib ki, işğal olunmuş torpaqların Rusiyanın ərazisi kimi tanınması Kiyev üçün qırmızı xətdir. O, aprelin 24-də qeyd edib ki, Ukrayna danışıqlar yolu ilə sülhə doğru ilk addım kimi 44 gün əvvəl ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb, lakin Moskvanın hücumları davam edir.

Putinin hazırda sülh razılaşması əldə etmək üçün nə etdiyini soruşduqda isə prezident Tramp onun "bütün Ukraynanı ələ keçirməkdən çəkindiyini deyib və bunu "olduqca böyük güzəşt" adlandırıb.

Diplomatik səyləri şərh edən Lavrov isə "CBS News"a deyib ki, ABŞ və Rusiya düzgün istiqamətdə irəliləyir, lakin razılaşmanın bəzi spesifik elementləri hələ də razılaşdırılmalıdır. "Biz razılaşma əldə etməyə hazırıq, amma bu razılaşmanın bəzi konkret elementləri hələ də dəqiqləşdirilməlidir və biz məhz bu proseslə məşğuluq", –Lavrov bildirib.

XS
SM
MD
LG