Ukrayna 1991-ci ildə Sovet İttifaqından ayrılıb müstəqillik əldə edəndə ölkə əhalisi təxminən 52 milyon nəfər idi. 34 il sonra bu rəqəm yarıya enib. Ukraynanın Demoqrafiya İnstitutunun hesablamalarına görə, Kiyevin nəzarətində olan ərazilərdəki əhalinin sayı təxminən 29 milyon nəfərdir. Bu da 45 faiz azalma deməkdir. Bu azalmada 2014-cü ildə Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqı və Donbasdakı müharibə, habelə Rusiyanın davam edən genişmiqyaslı işğalının rolu var.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hər il yüz minlərlə ukraynalı ölkəni tərk edir. Ekspertlərin fikrincə, müharibə nə qədər uzun çəksə, o bitdikdən sonra bir o qədər az adam geri qayıdacaq.
İndi Ukraynada və xaricdə nə qədər ukraynalı var?
"Müharibə uşağımı ölkədən çıxarmaq qərarını verməyə məcbur etdi. Biz 2022-ci ilin iyulunda Varşavaya gəldik. Çox qalmağı planlaşdırmırdıq. Ölkədən gedən hər kəs, yəqin ki, iki həftədən və ya bir aydan sonra geri qayıdacağını gözləyirdi", - Ukraynanın Poltava regionundan olan Lina Sizonenko bildirib. O, artıq üç ilə yaxındır qızı Mariya ilə Polşada yaşayır.
Lina və Mariya kimi milyonlarla ukraynalı müharibəyə görə ölkəni tərk edib.
Ölkədə qalanların və ya qaçanların dəqiq sayı məlum deyil. Ukrayna 2001-ci ildən bəri heç bir siyahıyaalma aparmayıb. Ölkənin statistika xidməti müharibə ilə əlaqədar çətinliklərə istinad edərək demoqrafik məlumatların toplanmasını və dərcini qismən dayandırıb.
Ukrayna Elmlər Akademiyasının Demoqrafik və Həyat Keyfiyyəti İnstitutunun direktor müavini Olesandr Qladunun sözlərinə görə, emiqrasiya Ukrayna əhalisinin sayında ən böyük azalmaya səbəb olub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) son hesabatına görə, hazırda 7 milyona yaxın ukraynalı qaçqın xaricdə yaşayır. Onların təxminən 6.3 milyonu Avropadadır.
"Eurostat"ın məlumatına görə, 31 dekabr 2024-cü il tarixinə, demək olar ki, 4.3 milyon ukraynalı Avropa İttifaqı ölkələrində müvəqqəti qoruma statusuna malik idi. Bu rəqəm Ukraynada baş verən hadisələrdən asılı olaraq daim dəyişir.
Hər il 100 min az körpə doğulur
Milyonlarla ukraynalının xaricə köçməsi onsuz da aşağı olan doğum nisbətinə təsir göstərib.
"Tammiqyaslı işğaldan əvvəl (ümumi doğum nisbəti) 1.16 idi. İşğaldan sonra isə bu 0.9-a düşüb", - Ukraynanın sosial siyasət nazirinin müavini Dariya Marçak bildirib. "Bəzi hesablamalara görə, bu, ölkəmizin tarixində antirekorddur".
Demoqrafiya İnstitutunda deyirlər ki, bu, təbii faktorlar səbəbindən əhalinin azalmasının qarşısını almaq üçün lazım olanın yarısı qədərdir.
25 yaşdan yuxarı kişilərin hərbi səfərbərliyə cəlbi və minimum çağırış yaşının endirilməsi ilə bağlı təzyiqlərin artması da əhalinin azalmasına dolayısı ilə təsir edir. BMT-nin statistikasına görə, Ukraynada 18-25 yaş arasında təxminən 1.5 milyon kişi var.
"Bəziləri çağırışdan gizlənir, bəziləri sərhədi qeyri-qanuni keçir... 18 yaşına yaxınlaşan bəzi azyaşlılar da xaricə gedə bilər. Bu, Ukraynada ailə qurmağa hazır və ya buna qadir olan gənclərin sayını azaldır", - O.Qladun deyib.
Ölkədə ölüm nisbəti isə yüksəkdir. İndi ölkədə ölənlərin sayı doğulanların sayından təxminən üç dəfə çoxdur. Bu fakt Ukraynanı ən yüksək ölüm və ən aşağı doğum səviyyəsinə malik ölkələr sırasına daxil edir.
Hazırda Ukraynanı daha çox adam tərk edir
"Mən vaxtaşırı UNHCR-in rəqəmlərinə baxıram. Ukraynalı qaçqınların sayı 2024-cü ilin mayına qədər azalırdı. Ən aşağı rəqəm 5.9 milyon idi və sonra yenidən artmağa başladı", - Kiyev Beynəlxalq Sosial Araşdırmalar İnstitutunun rəhbəri Volodimir Paniotto bildirib.
Onun sözlərinə görə, cəbhə xəttindəki vəziyyət, silah tədarükündəki gecikmələr və müharibənin uzun müddət davam edəcəyi hissi insanların ölkəni tərk etmək qərarına səbəbdir. "Rusiyanın, yavaş da olsa, irəliləməsi də bu qərara təsir göstərir", - o əlavə edib.
Müharibə bitəndən sonra nə qədər adam geri qayıdacaq?
Ukraynadakı "İqtisadi Strategiya Mərkəzi" araşdırma mərkəzinin keçirdiyi sorğulara görə, müharibədən bəri ilk dəfə olaraq Ukraynaya qayıtmaq istəyən və ya qayıtmağı ehtimal edənlərin nisbəti 50 faizdən aşağı düşüb. Sorğu 2024-cü ilin noyabrında keçirilib.
2022-ci ilin noyabrında qaçqınların yalnız 10 faizi qəti şəkildə Ukraynaya qayıtmaq istəmədiklərini söyləmişdi.
Kiyev Beynəlxalq Sosial Araşdırmalar İnstitutunun sorğularına görə isə, xaricdəki ukraynalı qaçqınların 19 faizi başqa ölkənin vətəndaşlığına malikdir və ya müraciət edib. Qaçqınların 45 faizi isə bu vətəndaşlığı əldə etmək istəyir.
İnstitutun rəhbəri V.Paniotto bildirib ki, xaricdə qalmağı planlaşdıran insanların sayı hər ay təxminən 100-150 min nəfər artır. "Onlar dili öyrənir, iş tapır, uşaqlarının xaricdə yaxşı perspektivləri var. Biz hər ay cəbhədə itkilər veririk, amma hər ay bundan 20, bəlkə də 30 dəfə çox insanı uzunmüddətli miqrasiya ilə itiririk."
Müharibədən sonra Ukrayna əhalisi necə dəyişəcək?
Ukraynanın Demoqrafiya İnstitutu 2035-ci ildə ölkənin beynəlxalq sərhədləri daxilində 30 milyon ukraynalının yaşayacağını proqnozlaşdırır.
"Biz bir daha heç vaxt 52 milyon olmayacağıq. İqtisadiyyatımızı və sosial infrastrukturumuzu 30 milyonluq əhali ətrafında planlaşdırmalıyıq... və əhali sayından daha çox, həyat keyfiyyətini və funksional hökuməti dəyərləndirməliyik", - O.Qladun vurğulayıb.