Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 15:22

Araşdırma: Rusiyada əsirlikdə ölən ukraynalı jurnalistə işgəncə verilib


Viktoriya Roşina
Viktoriya Roşina

Rusiyanın əsirliyində ölən ukraynalı jurnalist Viktoriya Roşinanın meyiti Ukraynaya daxili orqanlarının bir hissəsi çıxarılaraq və çoxsaylı işgəncə izləri ilə qaytarılıb.

Bu barədə Fransanın jurnalistlər konsorsiumu olan "Forbidden Stories"in rəhbərliyi altında altı ölkədən 12 media orqanının apardığı araşdırmada deyilir. Toplanan məlumatlar ümumi bir layihədə – "Victoria Project" adlı layihədə birləşdirilib.

2023-cü ilin yayında V.Roşina oğurlanan ukraynalıların saxlandığı yerləri tapmaq üçün Rusiyanın işğal etdiyi ərazilərə gedib və özü də yoxa çıxıb. Bir il yarım sonra onun cəsədi işgəncə izləri ilə geri qaytarılıb.

Roşinanın meyitinin bu ilin fevralında Ukraynaya qaytarıldığı ötən həftə məlum olub. Bu, meyitlərin mübadiləsi çərçivəsində baş tutub. Həmin vaxt Ukraynaya təhvil verilən meyitlər tanınma proseduru üçün morqlara paylanıb. Jurnalistlərin araşdırmasına görə, Vinnitsa morquna üzərində "tanınmamış kişi" yazılmış bir paket göndərilib. Paketdə "bərk dondurulmuş" və çox arıqlamış vəziyyətdə olan bir qadın meyiti olub. Onun baldırında "7390 Roşina V.V." yazılmış bir etiket olub. Ekspertiza nəticəsində meyitin Roşinanın valideynlərinin DNT-si ilə uyğun gəldiyi təsdiqlənib.

Roşinanın meyitinin vəziyyətinə görə ekspertlər onun ölümünün birbaşa səbəbini müəyyən edə bilməyiblər. Meyitdə göz bəbəkləri, beyin, qırtlağın bir hissəsi olmayıb, həmçinin hipoid sümüyü qırılmış vəziyyətdə olub.

Ukrayna Baş Prokurorluğunun nümayəndəsi Yuri Belousov "Vajnıye İstorii"yə bildirib ki, məhkəmə-tibbi ekspertlər meyitdə "çoxsaylı işgəncə və qəddar rəftar əlamətləri: bədənin müxtəlif hissələrində sıyrıqlar və qansızmalar, qırılmış qabırğalar, boyun zədəsi və ayaqlarda elektrik cərəyanı tətbiqinə bənzər izlər" aşkarlayıblar.

Roşinanın keçmiş kamera yoldaşlarının dediyinə görə, o, Enerqodarda saxlanılıb, sonra Melitopola köçürülüb və orada dörd ay ərzində işgəncəyə məruz qalıb. Daha sonra o, ağır vəziyyətdə Taqanroqdakı 2 saylı İstintaq Təcridxanasına köçürülüb. 2024-cü ilin yayında Roşina xərəkdə xəstəxanaya aparılıb. Orada müalicə alıb-almadığı məlum deyil, xəstəxanadan sonra isə onu təkadamlıq kameraya köçürüblər. Jurnalist sonuncu dəfə 2024-cü il sentyabrın 8-də sağ görülüb — həmin gün onu kamerasından naməlum istiqamətə aparıblar.

V.Roşina 2024-cü ilin avqust ayında atası ilə telefonla danışıb və sentyabrda evdə olacağını söyləyib. Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Roşinanın adı əsir və girovların mübadilə siyahısında olub. Lakin sentyabr ayında baş tutan əsir mübadiləsində o, iştirak etməyib.

Rusiya Müdafiə Nazirliyi V.Roşinanın 2024-cü il sentyabrın 19-da öldüyünü iddia edir. Jurnalistin ölüm faktı üzrə Ukrayna Baş Prokurorluğu "müharibə qanun və adətlərinin pozulması" və "qəsdən adamöldürmə" maddələri üzrə cinayət işi açıb.

XS
SM
MD
LG