Bir neçə ölkənin hərbi rəhbərləri bu həftə Ankarada, Türkiyə Hərbi Dəniz Qüvvələrinin qərargahında diqqətdən kənar, sakit bir şəkildə görüşlər keçirir. Danışıqların əsas mövzusu Rusiya və Ukrayna arasında atəşkəs olacağı təqdirdə Qara dənizdə təhlükəsizlik məsələsidir.
Bir neçə gün əvvəl Avropadan olan iki diplomatik mənbə AzadlıqRadiosuna bildirib ki, Türkiyə Ukraynada çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsinin dəniz hissəsinə cavabdehlik götürməyə hazır olduğunu bəyan edib.
Türkiyənin bu rolu öz üzərinə götürməsi üçün praktiki səbəblər var.
1936-cı il Montrö Konvensiyası Qara dənizdə sahilyanı olmayan ölkələrin hərbi donanmalarının yerləşdirə biləcəyi tonnajı və qalma müddətini ciddi şəkildə məhdudlaşdırır. Bu səbəbdən NATO-nun ən güclü ordularından birinə sahib olan Türkiyə bu bölgədə təbii olaraq əsas rol oynayan ölkə sayılır. Məsələn, Rumıniya donanmasında cəmi üç freqat olduğu halda, Türkiyənin 17 freqatı var.
Avropa Siyasətinin Təhlili Mərkəzindən (CEPA) Sem Qrin bu yaxınlarda brifinqdə belə deyib: "Mən hesab edirəm ki, bunu Türkiyə avropalıların tərəfində olmadan həll etmək mümkün deyil".
Sülhməramlı və ya bölgədə sabitlik yaratmaq məqsədilə Britaniya və Fransa gəmilərinin də Qara dənizdə növbəli şəkildə hərəkəti də gözlənilir.
Lakin "istəklilər koalisiyası"nın planlaşdırdığı quru qüvvələri kimi, dəniz missiyası da ABŞ-nin dəstəyi və arxa plandakı rolu ilə həyata keçirilə bilər.
Fərq nədədir?
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) məlumatına görə, bu missiya, əsasən, hava və kosmos əsaslı kəşfiyyat, müşahidə və izləmə fəaliyyətlərindən ibarət olacaq. Bununla belə, CSIS qeyd edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri onsuz da mütəmadi olaraq Qara dənizdə patrul xidməti aparır və bu səbəbdən həmin missiyada da iştirak edə bilərlər.
Bu baxımdan, Qara dənizdə həyata keçiriləcək missiya quru əməliyyatlarından fərqli şərtlər altında baş tuta bilər. NATO bu regionda artıq formalaşmış sabit bir mövcudluğa malikdir.
Faktiki olaraq, NATO bu yaxınlarda Türkiyə, ABŞ, Britaniya və Rumıniya da daxil olmaqla 12 ölkənin dəniz qüvvələrinin iştirak etdiyi hərbi təlimləri tamamlayıb. 12 gün davam edən bu təlimlər zamanı qüvvələr regionda hibrid, dəniz və hava hücumlarına cavabları simulyasiya edib.
Planlaşdırılan dəniz patrulları bir neçə əsas vəzifəyə fokuslanacaq. Bunların sırasına kommersiya gəmiçiliyi (Ukraynanın həyati əhəmiyyət daşıyan taxıl ixracatı da daxil olmaqla) üçün dəniz yollarının açıq və təhlükəsiz saxlanılması, atəşkəsə əməl olunmasına nəzarət, dəniz minalarının təmizlənməsi daxildir.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kapitanı Andriy Rıjenko "Current Time"a bildirib ki, "hazırda bir çox limanlar minalar səbəbiylə tamamilə bloklanıb".
"O limanlara Nikolayev, Oçakov və Xerson daxildir. Digər limanlar isə rəsmi olaraq açıqdır, amma müəyyən məhdudiyyətlərlə… minalar tapılıb zərərsizləşdirilməlidir", - o əlavə edib.
"Ukrayna qələbə qazanıb"
Quru döyüşlərindən fərqli olaraq, Ukrayna hesab edir ki, o dəniz müharibəsini qazanır və ya artıq qazanıb.
Rusiya donanmasının say baxımından üstün olmasına baxmayaraq, Ukraynanın bir sıra əhəmiyyətli hücumları nəticəsində bir neçə Rusiya gəmisi batırılıb. Bu hücumlar Rusiyanı işğal altındakı Krımdakı bazalarını tərk etməyə və donanmasını Novorossiyskə çəkməyə məcbur edib.
"Ukrayna dənizdə qalib gəlib və indi tam üstünlüyə sahibdir. Yəni, düşmənin sahillərimizə yaxınlaşmasına imkan vermir və mülki gəmiçiliyi təmin edir", - Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəhbəri Oleksiy Neijpapa aprelin 8-də AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib.
"Amma düşmənin hələ də imkanları var, elə silahları var ki, birbaşa limanlarda və ya dənizdə mülki obyektlərə, mülki gəmilərə zərbə endirə bilər. Ona görə də, təhlükə, əlbəttə ki, qalır", - o əlavə edib
Aprelin 16-sı gecə saatlarında Rusiyanın Odessanı hədəf alan dron hücumları bunu bir daha təsdiqləyib.
Ehtiyatda olan kapitan Rıjenko isə qeyd edib ki, hazırda Qara dənizdə gəmilər sülh dövründəki marşrutlar üzrə hərəkət etmir və bu marşrutların bərpasına ehtiyac var. "Gəmilərin Odessadan düz Bosfora qədər, Qara dənizin ortası ilə açıq şəkildə hərəkət edə bilməsi vacibdir - qonşu ölkələrin ərazi sularında gizlənə-gizlənə deyil", - o bildirib.
Rıjenko əlavə edib ki, Ankarada keçirilən danışıqlarda məhz bu kimi detallar diqqət mərkəzində olacaq.
" Səssiz-səmirsiz" danışıqlar
Bu danışıqların keçiriləcəyini ilk olaraq aprelin 13-də Türkiyənin Müdafiə Nazirliyi elan edib, amma rəsmilər hansı ölkələrin iştirak edəcəyini açıqlamayıblar.
Sonradan isə bu danışıqlarda NATO üzvü olan Bolqarıstan və Rumıniya ilə yanaşı, Gürcüstanın da iştirak edəcəyi bildirilib.
Aprelin 15-də Britaniyanın Müdafiə Nazirliyi AzadlıqRadiosuna məlumat verib ki, onlar da bu görüşlərə qatılacaq. Bundan əvvəl isə Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna və Fransa nümayəndələrinin də iştirak edəcəyini açıqlamışdı.
"Biz dənizdə bir kontingentin mövcudluğundan danışırıq və inanırıq ki, Türkiyə gələcək dəniz təhlükəsizliyi təminatlarında ciddi rol oynaya bilər",— Zelenski bildirib.
Əvvəlki quru əsaslı qüvvələrə dair müzakirələrdə olduğu kimi, ABŞ bu danışıqlarda da iştirak etmir.
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq, "Current Time" və radionun Ukrayna xidməti tərəfindən hazırlanıb.