Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 15:18

Çin ABŞ mallarına rüsumları 125 faizə qaldırdı


Tramp tarif məbləğləri ilə cədvəli göstərir
Tramp tarif məbləğləri ilə cədvəli göstərir

Çin aprelin 12-dən ABŞ mallarına rüsumları 84 faizdən 125 faizə qaldırır.

Çin Xalq Respublikasının sədri Si Cinpin aprelin 11-də Avropa İttifaqını (Aİ) Birləşmiş Ştatların proteksionist siyasəti fonunda birgə fəaliyyətə çağırıb.

Ağ ev Çin üçün 'faktiki' tarif dərəcəsini açıqlayıb

Çin üçün rüsumlar indi "faktiki" 145 faizdir. Bu barədə Ağ evdən bildirilib.

Birləşmiş Ştatların Çinə qarşı tarif dərəcəsi aşağıdakı düsturla hesablanır:

əvvəlki 10 faiz + "fentanil üçün" 10 faiz - 125 faiz "cavab" rüsumu.

ABŞ prezidenti fevralın əvvəlində Çinə "fentanil rüsumu" tətbiq edib. Tramp Çini fentanil narkotikinin və əlaqəli prekursorların ixracı üçün kimya şirkətlərini subsidiyalaşdırmaqda, opioidlərlə ticarətdən əldə edilən gəlirləri yuyan cinayətkar təşkilatlara sığınacaq verməkdə günahlandırıb.

Aİ Birləşmiş Ştatlara tarifləri təxirə salır

Avropa İttifaqı (Aİ) ABŞ mallarına yeni gömrük rüsumlarının tətbiqini 90 günlüyə təxirə salıb.

"Prezident Trampın açıqlamasını nəzərə aldıq. Biz danışıqlara şans vermək istəyirik... Danışıqlar qənaətbəxş olmasa, əks tədbirlərimiz işə düşəcək", - Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen X platformasındakı paylaşımında bildirib.

9 aprel

Tramp Çinə rüsumları 125 faizə qaldırdı, 90 günlük tarif fasiləsi elan etdi

ABŞ prezidenti Donald Tramp Çindən gətirilən mallara rüsumların 104 faizdən 125 faizə qaldırıldığını elan edib. O, qərarını "Çinin dünya bazarlarına göstərdiyi hörmətsizlik" ilə izah edib. Dəyişikliklər dərhal qüvvəyə minir.

"Hansısa məqamda, ümid edirəm ki, yaxın gələcəkdə Çin ABŞ və digər ölkələri soymağın artıq mümkün olmadığını, bunun qəbuledilməz olduğunu başa düşəcək", - Tramp özünün "Truth Social" səhifəsində yazıb.

O əlavə edib ki, 75-dən çox ölkə tariflərlə bağlı danışıqlar xahişi ilə Vaşinqtona müraciət edib və "Birləşmiş Ştatlara qarşı heç bir cavab tədbiri görməyib”. Bununla əlaqədar olaraq Amerika prezidenti bu ölkələrə əlavə rüsumların tətbiqini 90 gün təxirə salmaq qərarına gəlib. Bu müddət ərzində bu ölkələr minimal məbləğdə - 10 faiz rüsum ödəyəcək.

Avropa İttifaqı əks-rüsumları təsdiqləyib

Avropa İttifaqına (Aİ) üzv ölkələr Birləşmiş Ştatlardan idxal edilən bəzi mallara rüsumların tətbiqinin lehinə səs veriblər. Avropa Komissiyasının bəyanatında bildirilir ki, yeni tariflər aprelin 15-dən qüvvəyə minəcək.

Yeni tariflər 20.9 milyard avro dəyərində malları əhatə edəcək, üç mərhələdə tətbiq olunacaq.

"Politico" Aİ-nin dörd diplomatına istinadən xəbər verir ki, yeni tariflərlə bağlı səsvermədə yalnız Macarıstan paketin əleyhinə çıxıb, digər 26 üzv ölkə isə onun lehinə səs verib.

+++

Çin Amerika mallarına rüsumları 34 faizdən 84 faizə qaldırdığını elan edib.

Trampın rüsumları qüvvəyə mindi, özü də yarım milyard itirdi

Aprelin 9-da ABŞ prezidenti Donald Trampın dünyanın onlarla ölkəsinə əlavə idxal rüsumlarının tətbiqi ilə bağlı qərarı qüvvəyə minib.

Artıq aprelin 5-dən əksər ölkələr üçün 10 faizlik baza rüsum dərəcəsi tətbiq olunmuşdu.

Aprelin 9-dan bir çox Asiya və Avropa İttifaqı ölkələri üçün 10-49 faiz, Çinə isə 104 faiz əlavə gömrük rüsumları qüvvədədir.

Rüsumların tətbiqi dünyanın ən böyük birjalarında qiymətlərin düşməsi səbəbindən aparıcı şirkətlərin bazar dəyərini trilyonlarla dollar itirməsinə gətirib çıxarıb. "Forbes"in məlumatına görə, sahibi olduğu şirkətlərin səhmlərinin dəyərinin azalması fonunda Trampın şəxsi sərvəti də azalıb – 4.7 milyard dollardan 4.2 milyard dollara düşüb.

Neft qiymətləri və kriptovalyutaların dəyəri də düşür. Aprelin 9-da "Brent" markalı neftin qiyməti 60 dollar/barelə qədər ucuzlaşıb.

8 aprel

Tramp Çinə 104 faiz rüsum qoydu

Aprelin 9-dan Birləşmiş Ştatlara gətirilən Çin mallarından əlavə 50 faiz rüsum tutulacaq. Bu barədə Ağ evin mətbuat katibi Kerolayn Levitt bildirib.

Səbəb Çinin Amerika idxalına tətbiq etdiyi "əks" rüsumlardır.

Beləliklə, Amerika prezidentinin ötən həftə elan etdiyi "qarşılıqlı tariflər" nəzərə alınmaqla Çin mallarından ümumi yığımlar 104 faizdən çox olacaq.

4 aprel

Çinin Trampa cavabı – 34 faiz

Prezident Donald Trampın açıqladığı tariflərə cavab olaraq Çin aprelin 10-dan ABŞ idxalına əlavə 34 faiz rüsum tətbiq edir.

"Çin Birləşmiş Ştatları birtərəfli tarif tədbirlərini dərhal ləğv etməyə və ticarətdə fikir ayrılıqlarını bərabər, hörmətcil və qarşılıqlı faydalı əsasda məsləhətləşmələr yolu ilə çözməyə çağırır", - Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komissiyasının bəyanatında deyilir.

Tramp aprelin 5-dən 185 ölkəyə qarşı 50 faizədək gömrük rüsumu tətbiq etmək qərarına gəlib. Çin üçün rüsum 34 faiz müəyyən edilib, lakin əvvəlki tədbirlər nəzərə alınmaqla, bu göstərici 54 faizə çatır.

"Bloomberg"in məlumatına görə, Trampın açıqlamasından sonra planetin 500 ən zəngin adamının sərvəti 208 milyard dollar azalıb.

Donald Tramp Ağ evin Gül bağında "Amerikanı yenidən zəngin edək" tədbirində qarşılıqlı tariflərlə bağlı çıxış edir.
Donald Tramp Ağ evin Gül bağında "Amerikanı yenidən zəngin edək" tədbirində qarşılıqlı tariflərlə bağlı çıxış edir.
2 aprel

Tramp dünyaya ticarət müharibəsi elan etdi. Siyahıda Azərbaycan da var

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara ötən əsrin əvvəllərindən bəri görünməmiş gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. O, yeni rüsumlarla əlaqədar aprelin 2-sini "Amerikanın qurtuluş günü" elan edib.

Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək. Bu tarixdən əvvəl gəmilərə yüklənmiş mallar, tranzitin son mərhələsindədirsə, tarifə cəlb olunmayacaq. Qalan tariflər aprelin 9-dan işə düşəcək.

Siyahıya 183 ölkə və Aİ daxildir.

Lesoto — 50%

Çin — 34%

Yaponiya— 24%

Avropa İttifaqı — 20%

İsrail — 17%

Türkiyə - 10%

Böyük Britaniya — 10%;

Braziliya — 10%

...

Çin üçün tarif 54 faiz olacaq, çünki bundan əvvəl Tramp Pekinə 10 faiz rüsum tətbiq edib, sonra onu iki dəfə artırıb.

Rüsumlar cədvəli
Rüsumlar cədvəli

Rüsumlar bir sıra keçmiş SSRİ ölkələrini də əhatə edir:

Moldova – 31%

Qazaxıstan – 27%

Azərbaycan – 10%

Ermənistan - 10%

Gürcüstan - 10%

Ukrayna – 10%

Türkmənistan - 10%

Qırğızıstan - 10%

Tacikistan - 10%

Rusiya siyahıda yoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin ümumi həcmi illik ifadədə 1.9 dəfədən çox artaraq 1.75 milyard dolları üstələyib. Azərbaycan ötən il Birləşmiş Ştatlara 135 milyon dollarlıq (+8.4 dəfə), ABŞ Azərbaycana 1.61 milyard dollarlıq (+1.8 dəfə) məhsul ixrac edib.

Tramp düşünür ki, ticarət maneələri həm dost, həm də dost olmayan ölkələri ona güzəştə getməyə məcbur edəcək. "Bu gün Qurtuluş günüdür", – Tramp deyib. "Bu, Amerika tarixində ən mühüm günlərdən biri, Amerika iqtisadi müstəqilliyinin bəyannaməsidir".

Tramp bir daha Amerikanı yenidən böyük və zəngin edəcəyinə söz verib: "Ölkəmizi 50 ildən çoxdur soyublar. Bu, artıq olmayacaq".

Trampın vurğuladığına görə, ticarət tərəfdaşları Amerikaya ondan aldıqlarından daha çox mal satırlar və onların tarifləri Amerikanınkından daha yüksəkdir. O deyir ki, bugünkü "cavab" tarifləri oyun qaydalarını düzəltmək məqsədi daşıyır.

İqtisadçılara görə, tariflərin tətbiqindən hamı itirəcək, o cümlədən amerikalılar, onlar üçün təkcə idxal olunan deyil, bütün mallar bahalaşacaq. Birləşmiş Ştatların ticarət tərəfdaşları istər-istəməz cavab rüsumları tətbiq edəcəklər ki, bu da qlobal ticarətə zərər verəcək və bütün dünyada rifahın artımını yavaşladacaq.

XS
SM
MD
LG