"Bu cinayət işinin... yalanlardan ibarət cızma-qara olduğunu sizə elə şəkildə sübut edəcəm ki, heç nəyə don geyindirə bilməyəcəksiniz". Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində martın 10-da hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə 9 il həbs cəzası alan Tofiq Yaqublu 135-səhifəlik son sözündə deyib.
İttihama görə, T.Yaqublu Elşən Hüseynov adlı şəxsə vaxtı bitmiş ümumvətəndaşlıq pasportunun əsasında bir gün ərzində Almaniyaya viza və bu ölkənin vətəndaşlığını düzəldəcəyinə söz verərək onun 25 min avrosunu və 10 min manatını mənimsəyib.
Müxalifətçi qeyd edib ki, cinayət işində pulun məbləği və tərkibi ilə bağlı çoxsaylı ziddiyyətlər var: "Şahid Maya Yaqublu bildirdi ki, bizim evdə axtarış aparılarkən polislərin özlərinin döşəyin altına qoyduqları pul bağlamasını çıxardıb açanda həmin pulların üstündə çoxlu ABŞ dolları da var idi, amma onları protokola daxil etmədilər. Görürsünüzmü, necə əcaib mənzərə yaranır, məni şərləmək üçün uydurduqları məbləği özləri qatıb-qarışdırıblar və belə bir rüsvayçı torbatikmə əsasında məni məhkum edəcəksiniz".
T.Yaqublunun deməsinə görə, məhkəmənin əvvəlində hakim ona hüquq və vəzifələrini elan edəndə ona etirazını bildirib: "Dedim ki, 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev hakimiyyəti qəsb edəndən bəri mənim heç bir hüququm yoxdur. Əgər mənim cüzi də olsa hüquqlarım olsaydı, bu qədər qızıl-qırmızı şərlənib həbsə atılmazdım. Bu illər ərzində barəmdə dörd dəfə cinayət işi qaldırılıb...".
O əlavə edib ki, qanunsuz cəzasını ölməyib çəkib qurtara bilsə və azadlığa çıxsa, "rejim" ondan yenə əl çəkməyəcək: "Bu dəfə daha ağır cinayətdə, məsələn, adam öldürməkdə ittiham edəcəklər... Ya da qəzadan-zaddan səhnələşdirib özümü öldürəcəklər. Bütün bunlara rəğmən, buradan bəyan edirəm, heç bir cəza, işgəncə, təhdid və s. məni mənsub olduğum demokratik müxalifət düşərgəsindəki əqidədaşlarımla birlikdə Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə ideyalarının qalib gəlməsi, ölkəmizin demokratikləşərək çağdaş demokratik ölkələr sırasına qoşulması uğrunda mübarizədən çəkindirə bilməz".
T.Yaqublu son sözünü Ukrayna xalqına, onun silahlı qüvvələrinə və prezidenti Volodimir Zelenskiyə ithaf etdiyini bildirib.
12 mart
Avropa İttifaqından reaksiya
Avropa İttifaqının təmsilçisi siyasi fəal Tofiq Yaqubluya 9 il həbs cəzası kəsilməsindən təəssüfünü bildirib. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisinin sözçüsü Anitta Hipper X platformasında yazıb: "Avropa İttifaqı müxalifət lideri Tofiq Yaqublunun 9 il həbs cəzasına məhkum edilməsindən təəssüflənir. İnsanlar müxtəlif siyasi fikirlərini sərbəst şəkildə ifadə edə bilməlidirlər. Fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir".
10 mart
Tofiq Yaqublu 9 il azadlıqdan məhrum edildi
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya 9 il həbs cəzası verilib. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib.
Hökmü Elnur Nuriyevin sədrlik etdiyi, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər heyəti çıxarıb.
T.Yaqublu ilə birlikdə mühakimə olunan Elnur Məmmədov isə 8 il azadlıqdan məhrum edilib.
Siyasi fəal məhkəməyə son sözündə indiyədək barəsində dörd dəfə cinayət işi qaldırıldığını, bundan əvvəlki üç məhkəmənin onu təqsirli bildiyini, barəsində cəza hökmü çıxardığını deyib.
"Qətiyyətlə deyirəm, bütün bu cinayət və inzibati hüquqpozma ittihamlarının şəxsən İlham Əliyevə, burada özünü hakim kimi elan edənlərə, guya dövlət ittihamçısı kimi çıxış edən adama, məhkəmə katibinə və bu zalda əyləşənlərə nə qədər aidiyyəti varsa, mənə də o qədər aiddir. İstisnasız olaraq bütün ittihamlar havadan götürülüb və bütün bunlar mənim müxalifətçi siyasətçi olmağımla bağlıdır", - o, sözlərinə əlavə edib.
T.Yaqublu Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən E.Məmmədov vasitəsilə 25 min avro və 10 min manat alaraq onu aldatmaqda, ona saxta sənəd hazırlayıb verməkdə suçlanır.
Dövlət ittihamçısı T.Yaqubluya 10 il, E.Məmmədova isə 9 il həbs cəzası verilməsini istəmişdi.
Xatırlatma
T.Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. O, daha öncə də - 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində, 2020-ci ildə xuliqanlıqda və başqa ittihamlarla təqsirləndirilib və bir neçə dəfə həbsdə olub. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirir.
Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.
Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.