Qlobal valyuta bazarlarında ticarətçilər ekranlarına baxarkən, Mərkəzi Asiyadan olan miqrant işçilər də Rusiyanın müxtəlif şəhərlərində eyni diqqətlə bu prosesləri izləyirlər.
Tramp administrasiyasının genişmiqyaslı tarif paketi açıqladığı gündən bəri qlobal bazarlardakı çətinliklər fonunda ABŞ dollarının dəyər itirməsi ilə yanaşı, Rusiya rublu kəskin şəkildə dəyər qazanıb.
Bu isə Rusiyada yaşayan miqrantların birdən-birə evlərinə daha artıq pul göndərməsi deməkdir.
"İnsanlar məzənnənin qalxacağına ümid edərək pul göndərməzdən əvvəl aylarla gözləyirlər. Nə vaxt məzənnə artarsa, onlara banklara tələsirlər və ya tətbiqlər vasitəsilə pul göndərirlər. Onların zamanı gəlib çatıb", - Novosibirskdə çalışan 60 yaşlı tacik işçi Ali bildirib.
Bu məqalə üçün müsahibə verən digər miqrant işçilər kimi, onun da tam adı təhlükəsizlik səbəblərindən gizli saxlanılır. AzadlıqRadiosu Rusiyada faktiki olaraq qadağandır və onunla danışmaq cinayət sayılır.
"Rublun artması bizim üçün faydalıdır. Bu, ailənizin ay ərzində necə keçindiyini, yemək alıb-almayacağınızı və ya dərman pulu ödəyib-ödəyməyəcəyinizi müəyyən edir", - Ali deyib.
Dünya Bankının məlumatına görə, köçürmələr Tacikistan ÜDM-inin 45 faizini təşkil edir. Qırğızıstanda bu, 24 faiz, Özbəkistanda isə 14 faizdir. Bu vəsaitlərin əksəriyyəti Rusiyadan gəlir.
"İpoteka kreditini ödəyə bilməzdik"
Tacikistandan olan Daler Moskvada işləyir. O, hər ay ailəsinə təxminən 10 min rubl göndərir. Bu, 23 aprel tarixindəki bazar məzənnəsinə əsasən, 121 dollar edir. Yanvarda isə bu məbləğ təxminən 90 dollar idi: "Arvadım əvvəl deyirdi ki, "pul gəldi, iki həftə çətinliklə kifayət edəcək". İndi isə o, hətta bir az da qənaət edə bilir".
Dalerin ailəsi bu pulu yeni ev tikmək üçün istifadə edir: "Əvvəllər bir kisə sement almaq olurdu, indi iki kisə ala bilirəm. Hər şey daha əlçatan olub: həm tikinti materialları, həm də qida".
Qırğızıstanlı Anara taksi sürücüsüdür və bir neçə ildir ki, Rusiyada işləyir: "Biz (əlavə) part-taym iş tapmışıq, gecə dörd saat yatırıq. Bu iş olmasaydı, biz ipotekanı ödəyə və ailəmizi dolandıra bilməzdik. İndi kifayət qədər pulumuz var".
47 yaşlı Niqoranın isə Tacikistanda dörd uşağı və yaşlı anası var. Gündüzlər o, kafedə qab yuyur, gecələr isə təmizlikçi işləyir. Hər səhər o və həmkarları son hadisələri və onların valyuta məzənnələrinə necə təsir edə biləcəyini müzakirə edirlər.
"(ABŞ-nin xüsusi nümayəndəsi Stiv) Uitkoff Moskvaya gələndə məzənnə qalxdı. Tramp Rusiyanın öhdəliklərini yerinə yetirməməsindən danışanda isə rubl birdən-birə bir az ucuzlaşdı", - o bildirib.
Bu dəyişkənlik isə rublun hazırkı gücünün uzun sürə bilməyəcəyini xatırladır.
"Reuters"in keçirdiyi son sorğuda iqtisadçılar yaxın zamanda rublun məzənnəsinin dollar qarşısında təxminən 100-ə çatacağını proqnozlaşdırır. Bu isə hazırkı 82 səviyyəsi ilə müqayisədə xeyli zəifləmə deməkdir.
Rusiyada miqrantlarla mübarizə
Londonda yerləşən "Central Asia Due Diligence" analitik mərkəzinin rəhbəri Alişer İlhamov Rusiyada yüksək faiz dərəcələrini, Vaşinqtonla münasibətlərin yaxşılaşmasını və dolların ümumi zəifləməsini rublun möhkəmlənməsinin əsas səbəbləri kimi göstərib: "Qarşıdakı aylarda rublun məzənnəsi, əsasən, neftin qiymətlərindən və dolların göstəricilərindən asılı olacaq".
Qeyri-rəsmi müşahidələr göstərir ki, hazırda rublun güclənməsi Rusiyaya iş tapmaq üçün gələnlərin sayında artıma səbəb olub.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin sonunda ölkədə 6.3 milyon xarici vətəndaş olub. Onların böyük əksəriyyəti üç ölkədən gəlir: Özbəkistan (23.3 faiz), Tacikistan (16.7 faiz) və Qırğızıstan (10.4 faiz).
Lakin Rusiyaya gəlmək risksiz deyil - irqçilik hallarından tutmuş polis zorakılığına qədər.
Həmçinin, zorla hərbi xidmətə alınma və Ukraynaya göndərilmə riski də mövcuddur.
"Bugünlərdə Rusiyaya pul qazanmağa getmək eyni zamanda bilinməzliyə, qeyri-müəyyənliyə səyahət etməkdir. Rublun artan dəyəri miqrasiya üçün stimullaşdırıcı rol oynasa da, hökumət təzyiqlərinin artması və Ukraynada cəbhəyə göndərilmək riski bunu daha təhlükəli və qeyri-müəyyən edir", — İlhamov bildirib.
Həmçinin, deportasiyaların sayı əhəmiyyətli dərəcədə artıb, rəsmi rəqəmlərə görə, ötən il Rusiyadan 190 min nəfər çıxarılıb. Bu, əvvəlki ilə nisbətən 31 faiz artım deməkdir.
2024-cü ilin martında Moskva şəhərindəki "Crocus City" konsert məkanında baş verən terror hücumundan sonra miqrantlar artan təzyiqlərə məruz qalıblar.
"Mərkəzi Asiyadan olan miqrantlar Rusiyada getdikcə təhlükəsizlik təhdidi kimi görülür", —Niderlandda yaşayan insan hüquqları üzrə hüquqşünas Nodira Abdullayeva bildirib.
"Bu, daha sərt qanunlara, giriş məhdudiyyətlərinə, kütləvi yoxlamalara və ümumi qorxu mühitinə gətirib çıxarır", - o əlavə edib.
Mərkəzi Asiya ölkələri miqrant işçiləri üçün alternativ təyinat nöqtələri axtarır, amma burada dil onları Rusiyaya cəlb etməkdə mühüm rol oynayır. İndilik isə onlar rublun kursunu izləməyə davam edəcəklər.
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq, Nargiz Xamrabayeva, radionun Qazaxıstan xidmətinin müxbiri Aya Reno tərəfindən hazırlanıb.