İqtisadçı Natiq Cəfərli Mərkəzi Bankın (AMB) rəhbəri Taleh Kazımovun son vaxtlar valyuta hərraclarının nəticələrinin açıqlanmaması ilə bağlı dediklərinə münasibət bildirib.
N.Cəfərli vurğulayıb ki, Mərkəzi Bankın həftəlik valyuta hərraclarının nəticələrini bir aydan çoxdur açıqlamamasını doğru saymır: "Bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Dolayı rəqəmlərlə zatən hər ay nə qədər valyuta satıldığı, bir il ərzində Neft Fondunun nə qədər dollar satacağı da öncədən bilinir, bu həcm dəyişmir. Amma düşünürəm ki, həftədə iki hərrac haqında hər yeni həftənin birinci günü ümumi məlumat dərc olunsa, yaxşı olar".
"Başlayırsınız bunu qalmaqal etməyə"
AMB rəhbəri T.Kazımov xatırladıb ki, hər ilin sonunda Dövlət Neft Fondundan (ADNF) dövlət büdcəsinə transfert təsdiq edilir, bu məbləğin manat şəklində köçürülməsi üçün ADNF-in sərəncamında olan valyuta ehtiyatlarının satışı həyata keçirilir: "Həm şəffaflığın, həm də prosesin idarə edilməsi üçün Mərkəzi Bank agent qismində bu prosesdə çıxış edir. Həmin valyutanı bazara hərrac vasitəsi ilə satır... Məzənnə sabit olduğu şəraitdə və bütün tələb ödənildiyi halda, bu hərrac məlumatlarının yayılmasının səbəbini görə bilmirik. Həftə ərzində iki dəfə hərrac keçirilir və həmin hərracların nəticələri dəyişkən olur. Hər dəfə həftəiçi bu dəyişikliklər baş verdikdə siz, media, həmçinin ekspertlər başlayırsınız bunu qalmaqal etməyə".
Xatırlatma
Son aylar dünyada neftin qiymətində müəyyən azalma baş verib. Hazırda neftin bir bareli 65 dollardan bir qədər çoxdur. Azərbaycanın 2025-ci il büdcəsində isə neftin bir bareli 70 dollar götürülüb. Bir sıra müstəqil iqtisadçılar düşünür ki, neftin qiymətlərində düşüş davam edərsə, büdcə gəlir və xərclərində problemlər yaşana bilər. Onlar vurğulayırlar ki, Azərbaycan ixracının 90 faizi neft və qazın payına düşür.