Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 11:25

Selə görə təsərrüfatlara zərər dəyməsi barədə müraciətlər artıb


Bir çox fermerlər yağıntılarda ziyan çəksələr də, təsərrüfatlarını sığorta etdirməyiblər.
Bir çox fermerlər yağıntılarda ziyan çəksələr də, təsərrüfatlarını sığorta etdirməyiblər.

Ötən həftə Azərbaycan ərazisində havanın qeyri-sabit keçməsi nəticəsində bəzi rayonlarda meyvə bağlarına və əkin sahələrinə ziyan dəyib. Zərər çəkmiş bir sıra fermerlər dəymiş ziyanın hesablanması və ödənilməsi üçün Aqrar Sığorta Fondunun (ASF) 1651 nömrəli Çağrı Mərkəzinə müraciət ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, 14–20 aprel tarixlərində Fonda ümumilikdə 15 rayon üzrə 76 müraciət daxil olub. Müraciət edən fermerlər, əsasən, Xaçmaz, Bərdə, Ağsu, Quba, Şamaxı, Şabran, Qusar, Ağdaş, Neftçala sakinləridir. Daxil olan müraciətlərin 36-sı sel-subasma, 40-ı isə fırtına və qasırğanın təsərrüfatlara vurduğu zərərlə bağlıdır: "Hazırda ekspertlər ərazilərə baxış keçirir, baş vermiş hadisələri və onların nəticələrini qeydə alır, ilkin qiymətləndirmə aparırlar. Araşdırmalar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta ödənişləri həyata keçiriləcək".

Son illər ASF-dən ödəmələrin artdığı bildirilir. 2024-cü ildə müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara ASF 6 milyon 423 min manat ödəniş edib. Bu, fondun fəaliyyətə başlamasından (2019) sonra qeydə alınan ən böyük illik sığorta ödənişi məbləğidir. Əvvəlki illə müqayisədə aqrar sığorta ödənişləri 2 milyon manat və ya 46 faiz artıb.

Cəmi 76 müraciət az deyilmi?

Ötən həftə güclü yağış, leysan istər Bakıda, istərsə də Azərbaycanın bölgələrində ciddi fəsad törətmişdi. Xüsusilə də regionlarda dörd nəfərin seldə boğulduğu, daha bir neçə nəfərin isə xəsarət gördüyü deyilir. Üstəlik, təsərrüfatların da seldən böyük ziyan çəkməsi ilə bağlı şikayətlər eşidilir.

Amma bəzi kənd təsərrüfatı ekspertlərinin fikrincə, Azərbaycanda bir çox fermerlər də var ki, son yağıntılarda ziyan çəksə də, onlar təsərrüfatlarını sığorta etdirməyiblər. Ekspertlər hesab edirlər ki, elə bu üzdən də müraciətlər real fəsadları tam əhatə etmir.

Adının çəkilməsini istəməyən Xaçmaz rayonun bir sakini də AzadlıqRadiosuna deyib ki, son yağıntılar onun şaftalı bağına böyük ziyan vurub. O, bağını sığorta etdirməməsini şərtlərin bir elə də əlverişli olmaması və özünün də məsuliyyətsizliyi ilə izah edib.

Azərbaycanda ağac və kolların sığortası üzrə sığorta tarifi 0.83 faiz təşkil edir. Üstəlik, sığorta haqqının 50 faizini dövlət ödəyir. Rəsmi açıqlamalara görə, min manatlıq meyvə məhsulu üçün sığorta haqqı 17-18 manat təşkil edir.

XS
SM
MD
LG