Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 11:27

Bəhruz Səmədov: 'Məndə olmayan dövlət sirrini necə kiməsə ötürə bilərəm?'


Bəhruz Səmədov
Bəhruz Səmədov

Ermənistan xüsusi xidmət orqanlarına casusluqda suçlanan politoloq Bəhruz Səmədov deyir, altı ildir ölkədə yaşamadığı, əlində dövlət sirri sayılan heç bir məxfi informasiya olmadığı halda, onu kiməsə bilgi ötürməkdə suçlamaq absurddur. O, aprelin 21-də məhkəmədə ifadə verərkən belə söyləyib.

B.Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Aprelin 21-də onun işi üzrə məhkəmə istintaqı başlanıb, prokuror ittiham aktını açıqlayıb. Gənc fəala Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

B.Səmədov özünü təqsirli bilməyib, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb. O, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda suçlansa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.

Təhsili və işiylə bağlı həbsindən öncə altı il Azərbaycanda yaşamadığını və burada heç bir dövlət orqanında çalışmadığını söyləyən gənc politoloqun sözlərinə görə, onu sahib olmadığı dövlət sirrini başqasına ötürməkdə ittiham edirlər: "Altı il idi ölkədə yaşamırdım. Heç bir dövlət orqanında işləməmişəm. Heç bir məxfi sənədə çıxışım olmayıb. Məndə olmayan dövlət sirrini necə kiməsə ötürə bilərəm?".

B.Səmədov müharibə əleyhdarı olduğuna və Azərbaycanla Ermənistan arasında sülh çağırışlarına görə cəzalandırıldığını düşünür.

Onun işi üzrə məhkəmə prosesi mayın 16-da şahid ifadələriylə davam edəcək.

Xatırlatma

B.Səmədov ötən il avqustun 21-də saxlanılıb, iki gün sonra Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə barəsində həbs-qətimkan tədbiri seçilib.

Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan B.Səmədov həbs olunduğu dövrdə məzuniyyətə gəlibmiş.

O, müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycan və Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və ötən il Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

XS
SM
MD
LG