Federal məhkəmə ABŞ Qlobal Media Agentliyinin (USAGM) aprel ayı üçün vəsaiti Azad Avropa/Azadlıq Radiolarına verməsi haqda qərar çıxarıb. Söhbət Konqresin radioya ayırdığı vəsaitdən gedir.
Hakim Roys Lambertin aprelin 29-da çıxardığı müvəqqəti qadağa əmrində (TRO) deyilir ki, bu vəsaitin AzadlıqRadiosuna ayrılmasına Konqres qərar verib, prezident Donald Tramp da vəsaitlərin ayrılması üzrə büdcə qətnaməsini imzalayıb.
"Məhkəmə Konqresin AzadlıqRadiosu üçün nəzərdə tutduğu illik vəsaitdən bir aylığının ayrılmasını USAGM üzərinə qoydu. Bu o deməkdir ki, jurnalistlərimiz işlərini davam etdirə, diktatorlar və despotlardan hesabatlılıq tələb edə bilərlər", – AzadlıqRadiosunun prezidenti Stiven Kapus deyib.
"Ümid edirik, aprelin gecikmiş ödənişini tez alacağıq, çünki AzadlıqRadiosu bu ay bəzi əməkdaşlarını məzuniyyətə göndərməli, Amerikanın milli təhlükəsizliyi üçün vacib regionlarla proqramları kəsməli olub", – o əlavə edib.
USAGM 50 dildə informasiya yayımına nəzarət edir. Hər həftə bu informasiya 361 milyon izləyiciyə ötürülür.
Tramp martın 14-də yeddi federal agentlik, o cümlədən AzadlıqRadiosu və digər federal yayımçılara nəzarət edən USAGM-də böyük ixtisarlarla bağlı fərman imzalayıb. Fərmanın dərcindən bir neçə saat sonra USAGM-in adından göndərilmiş məktubda Konqresin AzadlıqRadiosuna ayırdığı qrantın kəsildiyi bildirilib.
AzadlıqRadiosu bu addımı qanunsuz sayaraq USAGM-ə qarşı məhkəmə iddiası qaldırıb.
Martın 25-də ABŞ Kolumbiya Dairə Məhkəməsi RFERL-in USAGM-ə qarşı müvəqqəti qadağa əmri (TRO) haqda vəsatətini təmin edib və radionun bağlanması prosesini dayandırıb. Ertəsi gün USAGM radioya bildirib ki, 2025-ci maliyyə ili üçün AzadlıqRadiosunun qrant müqaviləsinin kəsilməsi barədə məktub ləğv edilir.
Ancaq aprel ayı üçün vəsait ayrılmadığından AzadlıqRadiosu yeni TRO-dan ötrü məhkəməyə müraciət edib. Radio həmçinin 2025-ci büdcə ili üçün qrantın qalan hissəsinin buraxılması üçün məhkəmə qərarı əldə etməyə çalışır.
2025-ci ildə USAGM-in ümumi büdcəsi 950 milyon dollar nəzərdə tutulub. AzadlıqRadiosu üçün bu il 153 milyon dollara yaxın büdcə istənilib.
USAGM-ə AzadlıqRadiosu, "Amerikanın Səsi", Azad Asiya Radiosu, Kuba Yayımı Ofisi (Radio Marti), Yaxın Şərq Yayım Şəbəkələri (MBN) və Açıq Texnologiya Fondu (OTF) daxildir.