Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 09:20

Moldova Aİ üzvlüyündə Ukraynasız irəliləyə bilər


Marta Kos
Marta Kos

Avropa İttifaqı (Aİ) Macarıstanın Kiyevin bloka üzvlüyünü bloklayacağı ehtimalı fonunda Moldova ilə üzvlük prosesində irəliləməyi, Ukraynanı isə geridə buraxmağı nəzərdən keçirir.

Bunu aprelin 28-də Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Marta Kos AzadlıqRadiosuna müsahibəsində deyib. İyunda Brüsseldə genişlənməyə dair bir sıra qərarların qəbul ediləcəyini deyən Aİ komissarı iki ölkənin üzvlüklə bağlı prosesinin ayrılacağını istisna edə bilməyəcəyini söyləyib.

"Biz artıq üzv dövlətlərlə nə etməli olduğumuzu müzakirə edirik, çünki heç bir üzv dövlət Moldova ilə birinci klasterin (üzvlük fəsillərinin) açılmasına qarşı deyil", - o deyib və əlavə edib ki, ancaq Macarıstan Ukraynanın üzvlüyünə qarşı çıxır.

Avropanın ən kasıb ölkələrindən biri olan Moldova və Rusiyanın üç ildən çoxdur davam edən genişmiqyaslı işğal müharibəsi ilə sarsılmış Ukrayna indiyədək Aİ-yə üzvlük prosesində yanaşı irəliləyirdi.

Hər iki ölkə – Moldova və Ukrayna 2022-ci ilin əvvəllərində Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından qısa müddət sonra Aİ-yə üzvlük üçün müraciət edib. Ötən il Aİ-nin 27 üzv dövləti hər iki ölkəyə üzvlük danışıqlarına başlamaq üçün yaşıl işıq yandırıb.

Lakin Kiyev ilə danışıqlar dayanıb, çünki Budapeşt Ukraynada macar etnik azlıqların hüquqlarının yaxşılaşdırılmasını tələb edərək bu prosesə mane olub.

Aİ-nin genişlənmə ilə bağlı bütün qərarlarının yekdilliklə qəbul olunması tələb olunduğundan Macarıstan istədiyi müddət ərzində Ukraynanın İttifaqa daxil olmasına effektiv şəkildə əngəl yarada bilər.

Bloka üzv olmaq uğrunda yarışan ölkələrin bir-birindən ayrılması, yəni proseslərin fərqli şəkildə irəliləməsi daha əvvəl də baş verib.

2024-cü ilin sentyabrında Aİ Şimali Makedoniyanı geridə qoyaraq Albaniya ilə danışıqlara başlamaq qərarına gəlib, çünki Skopya azlıqların hüquqları ilə bağlı Aİ üzvü olan Bolqarıstanla ikitərəfli mübahisədədir.

Moldovanın bu onillikdə üzvlüyü mümkündür?

2024-cü ilin dekabrında genişlənmə üzrə komissar təyin olunan M.Kos müsahibə zamanı bildirib ki, onun mandatı 2029-cu ildə başa çatana qədər Moldovanın Aİ üzvü olması ehtimalı belə mövcuddur. O qeyd edib ki, "hazırkı Avropa Komissiyası dövründə biz Aİ-yə heç bir yeni üzv qəbul etməsək, bu, uğursuzluq hesab ediləcək".

Qərbi Balkanların öncül namizədləri olan Albaniya və Monteneqronun qarşıdakı üç-dörd il ərzində Aİ üzvünə çevrilə biləcəyinə inamını ifadə edən Kos Kişinyov üçün də qapının açıq olduğunu bildirib: "Moldova bu qrupun həqiqətən də yaxşı tələbəsidir... Onlar dəyərlər və demokratiya birliyinə mənsub olmaq istəyirlər. Onlar mümkün olan hər şeyi etməyə istəklidirlər".

Gürcüstanla yenidən danışıq?

Namizədliyi dalana dirənmiş başqa bir ölkəyə işarə edərək Kos Tbilisi hökuməti ilə yenidən tədricən əlaqə qurmağın vaxtının çatdığını bildirib.

Gürcüstan da 2022-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib və bir il sonra namizəd statusu alıb.

Lakin ötən ilin oktyabrında keçirilən parlament seçkiləri — Qərb müşahidəçilərinin qeydə aldığı pozuntular və vətəndaş cəmiyyətini susdurmaq üçün Rusiyanın istifadə etdiyi qanuna bənzər "xarici agentlər" haqqında mübahisəli qanun layihəsi — Brüsseli Gürcüstanın üzvlük müraciətini dayandırmağa məcbur edib.

Brüssel həmçinin Gürcüstan hökuməti üçün nəzərdə tutulmuş Aİ fondlarının dondurulmasına, gürcü diplomatik pasport sahibləri üçün vizasız rejimin ləğvinə və yüksəksəviyyəli əlaqələrin dayandırılmasına qərar verib.

2019-cu ildən namizəd statusu dondurulan Türkiyə ilə Aİ-nin yenidən yüksəksəviyyəli dialoqa başladığını xatırladan M.Kos "Ən asan yol danışmamaqdır... Amma biz dünyanın bir çox namizəd statusu olmayan ölkələri ilə danışırıq" deyə qeyd edib.

"İqtisadiyyatla bağlı müzakirə apardıq, miqrasiya ilə bağlı digər görüşü planlaşdırırıq", - o əlavə edib.

Ondan Tbilisi üçün də oxşar bir şeyin baş verib-verməyəcəyini soruşduqda Aİ komissarı deyib: "Düşünürəm ki, ehtiyatlı olmalıyıq, bəlkə, əvvəlcə ən yüksək səviyyədə deyil, daha aşağı səviyyədən başlamaq olar, amma sonra baxmalıyıq ki, bunu necə araşdıra bilərik".

XS
SM
MD
LG