Aprelin 25-də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana gələrək bir sıra rəsmi görüşlər keçirib.
AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyevlə onun görüşündə Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparılıb.
Prezident Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda addımların atıldığını və müzakirələrin aparıldığını qeyd edib.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi üzündən Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. Rəsmi Bakı 20 faizə qədər ərazilərinə nəzarətini itirib. Amma 2020-ci ildə 44 günlük savaş və 2023-cü ildə bir günlük hərbi əməliyyatlarla Bakı ərazilərinə nəzarəti bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılır və tərəflər sənəd üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıb.
Amma Azərbaycan əlavə olaraq Ermənistan konstitusiyasında ona ərazi iddialarının olduğunu bildirərək, bunun aradan qaldırılmasını şərt kimi irəli sürür. Ermənistan isə bunu düzgün saymayaraq indinin özündə belə sülh sazişinin imzalanmasını mümkün sayır.
K.Kallas həmçinin aprelin 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb, tərəflər birgə mətbuat konfransı da keçiriblər.
C.Bayramov deyib ki, Aİ ilə Azərbaycan arasında son illər ərzində aparılan danışıqlarda məsələlərin 90 faizi üzrə razılıq əldə olunub: "Lakin bu illər ərzində prosesdə müəyyən durğunluq müşahidə olunurdu. Bu gün bu məsələ də müzakirə edildi və razılıq əldə olundu ki, hər iki tərəf praktiki addımlar atacaq".
O, sazişin daha da zənginləşdirilməsinin mümkün olduğunu ifadə edib.
K.Kallas isə öz növbəsində deyib ki, Aİ Azərbaycanla Ermənistan arasında əlaqələrin gücləndirilməsi, sülh sazişinin dayanıqlı olması və təmin olunmasına yaxından dəstək verir.
Xatırlatma
Azərbaycan Avropa İttifaqı ilə 2009-cu ildə imzalanan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqrama qoşulan altı ölkədən Ermənistan 2017-ci ildən Aİ ilə tərəfdaşlıq sazişi imzalayıb. Qalan ölkələrdən Ukrayna, Moldova və Gürcüstan bu qurumla çoxdan assosiasiya sazişləri imzalayıb. Üstəlik, Aİ həmin ölkələrə namizədlik statusu versə də, sonradan Gürcüstanla qanunvericiliyə edilən bir sıra dəyişikliklərlə bağlı əməkdaşlıq dayandırılıb. Belarus isə Aİ ilə ilk dönəmlərdən əməkdaşlığı dayandırmışdı.
Azərbaycan da 2017-ci ildən Aİ ilə tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar aparsa da, yekun sənəd imzalanmayıb. Ölkə müxalifəti bunu hakimiyyətin Avropa dəyərlərindən uzaqlaşmaq siyasəti ilə izah edir.